...

Azərbaycanın turizm imkanları Daşkənddə beynəlxalq konfransda müzakirə olunub (FOTO)

İqtisadiyyat Materials 9 Oktyabr 2017 10:20 (UTC +04:00)

Bakı. Trend:

Daşkənd Dövlət İqtisadiyyat Universitetində Özbəkistanda keçirilən 23-cü Daşkənd Beynəlxalq Turizm yarmarkası çərçivəsində "Turizm biznesinin inkişafı və xarici təcrübənin Özbəkistanda tətbiqi məsələləri” adlı elmi konfrans keçirilib.

Azərbaycanın Özbəkistandakı səfirliyindən Trend-ə verilən məlumata görə, tədbirin təşkilatçıları Özbəkistan Ali və orta təhsil Nazirliyi, Turizmin inkişafı üzrə Dövlət Komitəsi, Daşkənd Dövlət İqtisadiyyat Universiteti olub.

Tədbirin açılışında giriş sözü ilə çıxış edən Daşkənd Dövlət İqtisadiyyat Universitetinin rektoru, professor Baxodir Xudiyev son illər Özbəkistanda turizm sahəsində həyata keçirilən işlər, mövcud problemlər, turizm biznesinin inkişafını təmin etmək məqsədi ilə ölkədə turizm təhsili sahəsində həyata keçirilən layihələr barədə danışıb. B.Xudiyev turizm sahəsində inkişafa nail olmaq üçün qabaqcıl xarici təcrübənin öyrənilməsi və Özbəkistanda tətbiqinin olduqca vacib olduğunu vurğulayıb.

Turizmin inkişafı üzrə Dövlət Komitəsinin departament rəhbəri Ənvər Yusupov Özbəkistanda turizm sahəsinin artıq iqtisadiyyatın aparıcı sahəsi kimi prioritet sahəyə çevrildiyini və bu istiqamətdə əsaslı işlərin, layihələrin həyata keçirilməsinin dövlətin diqqətində olduğunu bildirib. Natiq Türkiyə, Azərbaycan, Tailand və Sinqapur təcrübəsinin onlar üçün maraqlı olduğunu qeyd edib.

Sonra Sinqapur, Tailand, Azərbaycan, Yunanıstan təmsilçiləri tədbirdə məruzə ilə çıxış edərək turizm sahəsində əldə olunan nailiyyətlərdən, ölkələrinə turist cəlb etmək üçün həyata keçirilən layihələr barədə geniş çıxış ediblər. Azərbaycan təmsilçisi Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzninin direktoru Samir Abbasov ölkədə turizmin inkişafı sahəsində həyata keçirilən nəhəng layihələr barədə danışaraq, bu sahənin ölkə rəhbərliyinin bir başa diqqətində olduğunu qeyd edib. O, 2011-ci ilin Azərbaycanda “turizm ili” elan olunduğunu, yay turizmi ilə yanaşı qış turizm mərkəzləri olan Qusarda Şahdağ, Qəbələdə Tufandağ kimi müasir dünya standartlarına cavab verən istirahət turizm mərkəzlərinin yaradıldığını söylədi, turizm təhsili sahəsində həyata keçirilən işlər, Azərbaycan Turizm və Menecmentlik Universiteti haqqında məlumat verib. S.Abbasov Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin ölkədə turist sayının son statistikasına dair məlumatlarını açıqlayaraq, bu ilin ilk 8 ayında ayında Azərbaycana 1 milyon 818 min nəfər gəldiyini və Azərbaycan dövlətinin əsas hədəfinin 2020-ci ilə qədər turist sayının 4-5 milyon nəfərə çatdırılması olduğunu qeyd edib.

Tədbirdə Azərbaycana gələn turistlər üçün prosedurun asanlaşdırılması məqsədi ilə elektron “ASAN VİZA” sisteminin yaradılması haqqında məlumat verilib, Azərbaycanda keçirilən beynəlxalq tədbirlərin – Avropa və İslam oyunlarının, “Formula 1” yarışması, Bakı Şopinq Festival və b. turizmin inkişafına böyük təkan verdiyini vurğulanıb.

Konfrans çərçivəsində iştirakçılar arasında maraqlı diskussiyalar olub, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin ötən 3 ildə özbək turistlərin Azərbaycana cəlb olunması və bu istiqamətdə həyata keçirilən işlər, iki ölkə arasında turizm sahəsində perspektivlərdən danışılıb. Azərbaycandan 4 milyondan çox Azərbaycan vətəndaşının xaricə səfər etdiyini və Azərbaycan turistlərinin Özbəkistana da cəlb olunmasının vacibliyi barədə Özbək turizm ekspertləri xüsusi təkliflər səsləndiriblər.

Məruzələrlə yanaşı, tədbirdə Azərbaycan Mədəniyyət Mərkəzinin ölkəmizin turizm potensialı, turizm obyektləri və regionlara təşkil olunan turizm turlara dair hazırladığı xüsusi video material nümayiş etdirilib. Konfransda fəal iştirak edən qonaqlar Təşkilat Komitəsinin Fəxri Fərmanları ilə təltif olunublar. Azərbaycan təmsilçisi də xüsusi mükafata layiq görülüb.

Tədbirin sonunda Daşkənd Dövlət İqtisadiyyat Universitetinin Turizm Fakultəsində turizm təhsilində praktiki məşğələləri həyata keçirmək üçün təlim mərkəzinin açılışı olub.

Qeyd edək ki, Təlim Mərkəzində oteldə qəbul, müştərilərlə söhbət kafedrası, restoran və orada təşkil olunan xidmət, yataq otaqları, dünya standartlarına uyğun xidmətin təşkili və s. bölmələr nəzərdə tutulub.

Tanışlıq zamanı Daşkənd Dövlət İqtisadiyyat Universitetinin tələbələri əyani olaraq turistlərə xidmətin təşkilinə dair məşğələləri təqdim olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti