...

“The Jerusalem Post” İsrail vətəndaşlarını Bakı Şopinq Festivalına səsləyib

İqtisadiyyat Materials 25 Oktyabr 2017 20:40 (UTC +04:00)
İsrailin nüfuzlu ingilisdilli “The Jerusalem Post” qəzetində 2-ci Bakı Şopinq Festivalı haqqında geniş məqalə dərc olunub.
“The Jerusalem Post” İsrail vətəndaşlarını Bakı Şopinq Festivalına səsləyib

Bakı. Trend:

İsrailin nüfuzlu ingilisdilli “The Jerusalem Post” qəzetində 2-ci Bakı Şopinq Festivalı haqqında geniş məqalə dərc olunub.

Trend-in məlumatına görə, məqalə müəllifi Arye Qut qeyd edir ki, Azərbaycan cəmiyyətinə tarixən xas olan multikulturalizm və tolerantlıq bu gün milli mənsubiyyətindən, dilindən və dinindən asılı olmayaraq Azərbaycan dövlətinin hər bir vətəndaşının gündəlik həyatının ayrılmaz hissəsinə çevrilib. Müsəlmanların çoxluq təşkil etdiyi Azərbaycan həm də digər etnik və dini qruplar, o cümlədən xristian və yəhudi icmaları üçün doğma evdir. Azərbaycanda yəhudilər və müsəlmanlar dinc yanaşı yaşayıblar və yaşayırlar –ortaq tarix və tale ilə bir birinə bağlıdırlar: “Avrasiya məkanında İsraillə dost və ən isti münasibəti olan əsas ölkə məhz Azərbaycandır. Bu münasibətlərin maraqlı tərəfi odur ki, Azərbaycan müsəlman ölkəsidir və burada daha çox müsəlmanlar yaşayırlar. Amma bu isti münasibətlərin formalaşmasında da əsas rolu məhz bu ölkədə yaşayan azərbaycanlı müsəlman və yəhudilər arasında uzun illər əvvəl yaranmış dostluq əlaqələri oynayıb. Başqa xalqların təmsilçilərindən fərqli olaraq, azərbaycanlılar heç vaxt yəhudiləri xarici və yad hesab etməyiblər”.

Məqalədə daha sonra bildirilir ki, Azərbaycan yalnız ölkə daxilində yox, dünyanın digər guşələrində də antisemitizmin əleyhinə olduğu üçün İsraili daima cəzb edib. Hazırda Azərbaycan digər ölkələrdən olduğu kimi, İsraildən olan turistləri də ölkəyə cəlb etməyə çalışır. “Hazırda israilli turistlər Qlobal Turizm bazarının ən vacib iştirakçılarından biri sayılırlar. Azərbaycan Şərqi Avropa və Qərbi Asiya mədəniyyətlərinin qovuşduğu bir məkan olduğundan daim xarici turistlərin diqqətini cəlb edib. Xəzərin sahilində olan bu gözəl ölkədə siz maraqlı subtropik dənizsahili istirahət mərkəzlərinə və ya yanar dağlara, palçıq vulkanlarına rast gələ bilərsiniz. Bir sözlə “Odlar ölkəsi” adlanan Azərbaycanda xaricdən gələn qonaqlara təqdim etməyə və göstərməyə çox şey mövcuddur. Burada gözəl təbiət, dini müxtəlifliyi özündə əks etdirən zəngin tarixə malik vilayətlər və rayonlar var”.

Məqalə müəllifi daha sonra Azərbaycan Prezidentinin imzaladığı “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” 1 sentyabr 2016-cı il tarixli sərəncamında xüsusi yer tutan Şopinq Festivallarının keçirilməsi barədə ətraflı məlumat verir. Bildirir ki, bu ilin aprel-may aylarında keçirilən ilk festivalın nəticəsi kifayət qədər uğurlu olub. Belə ki, yalnız aprel ayı ərzində ölkəyə 187,577 turist gəlib, festivalın keçirilməsindən isə dövlət büdcəsinə 5,6 milyon manat vəsait daxil olub.

Müəllif yazır ki, ikinci festival isə öz yenilikləri ilə yadda qalacaq və ölkəyə daha çox turist cəlb edəcək. AZAL və Azərbaycan Konqreslər Birliyinin birgə təşkilatçılığı ilə Azərbaycana ucuz tur-paketlərin təşkili məhz buna hesablanıb. Hazırda bu kampaniya çərçivəsində dünyanın 10 şəhərindən Bakıya bazar qiymətinə nisbətən daha münasib qiymətlərlə tur-paketlər təklif edilir. Bu tur-paketlərlə ölkəyə səfər edənlər festival müddətində etdikləri alış-verişin ƏDV-nin bir qismini geri almaqla yanaşı, həm də təşkil olunacaq müxtəlif daxili turlar sayəsində öz istirahətlərini daha da maraqlı edə bilərlər.

Məqalədə nüfuzlu qəzetin oxucularına festival çərçivəsində təklif olunan turlar, uçuş istiqamətləri və otellər haqqında ətraflı məlumat verilir.

Qeyd edilən paketlərə sığorta, transfer, şopinq turlarda iştirak da daxildir. Turistlərə təklif olunan imkanlar arasında onlara verilən hədiyyələr də xüsusilə maraqlıdır. Belə ki, alış-verişin stimullaşdırılması üçün yalnız turistlər üçün hədiyyə kartları təklif ediləcək ki, həmin kartlar vasitəsilə Festival iştirakçısı olan bəzi mağazalarda minimum 10% endirim əldə etmək mümkün olacaq. İstifadə edilməyən hədiyyə kartları isə festivalın sonuna qədər turizm şirkətinə geri qaytarıla bilər.

A.Qut sonda israilli turistləri də bu imkandan yararlanmağa və Bakı Şopinq Festivalına qatılmağa dəvət edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti