...

Aİ Azərbaycanda rəqəmsal iqtisadiyyatın inkişafına dəstək verəcək (FOTO)

İqtisadiyyat Materials 27 Oktyabr 2017 13:27 (UTC +04:00)
Tallində Şərq Tərəfdaşlığı Mərkəzi ilə Azərbaycanın İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) arasında qarşılıqlı anlaşma memorandumu imzalanıb.
Aİ Azərbaycanda rəqəmsal iqtisadiyyatın inkişafına dəstək verəcək (FOTO)

Bakı. Trend:

Tallində Şərq Tərəfdaşlığı Mərkəzi ilə Azərbaycanın İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) arasında qarşılıqlı anlaşma memorandumu imzalanıb.

Bu barədə Trend-ə Mərkəzdən məlumat verilib.

Memorandumun əsas məqsədi Prezident İlham Əliyevin 22 fevral 2017-ci il tarixli Rəqəmsal Ticarət Qovşağı kimi Azərbaycanın mövqeyinin gücləndirilməsi və xarici ticarət əməliyyatlarının genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Fərmanından irəli gələn məsələləri təmin edilməsinə töhfə verməkdən ibarətdir. Xüsusi ilə Estoniyanın Avropa İttifaqında (Aİ) prezidentliyi dövründə belə bir müqavilənin imzalanması bu təşkilatla Azərbaycan arasında rəqəmsal iqtisadiyyatın inkişafına öz töhfəsini verəcək.

İİTKM-in icraçı direktoru Vüsal Qasımlı anlaşma memorandumunun imzalanması ilə bağlı bildirib ki, Estoniyanın Şərq Tərəfdaşlığı Mərkəzi ilə Azərbaycanın Rəqəmsal Ticarət Qovşağının inkişafı üzrə birgə fəaliyyət planının işlənməsi haqqında razılığa gəlinib. O əlavə edib ki, bu fəaliyyət planı çərçivəsində Aİ, Avrasiya İttifaqı, Körfəz ölkələri, Çin, GUAM formatı çərçivəsində Rəqəmsal Ticarət Qovşağının inkişafı ilə bağlı görüləcək işlər nəzərdə tutulub. V.Qasımlı vurğulayıb ki, hazırda Aİ-nin strukturları, xüsusən də qurumun indi prezidenti olan Estoniya höküməti Rəqəmsal Ticarət Qovşağının inkişafına xüsusi maraq göstərir.

İmzalanma mərasimindən sonra Estoniyanın Şərq Tərəfdaşlığı Mərkəzinin rəhbəri Jaan Reinhold bildirib ki, Azərbaycan Şərq tərəfdaşlığı ölkələrinə rəqəmsal iqtisadiyyatın inkişafı nöqteyi-nəzərindən bir nümunə ola bilər. Xüsusən, Azərbaycan Rəqəmsal Ticarət Qovşağının, Azexport portalının nümunəsini Şərq Tərəfdaşlığı ölkələri arasında yaymaq məqsədəuyğundur. J.Reinholdun qənaətinə görə, Azərbaycan Avrasiyanın mərkəzində əgər əvvəllər nəqliyyat, logistika, enerji layihələrinin qovşağına çevrilmişdisə indi də rəqəmsal iqtisadiyyatın qovşağına çevrilmə imkanlarına malikdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti