...

Bakıda "Caspian Ecology 2017" sərgisi başlayır

İqtisadiyyat Materials 13 Noyabr 2017 13:42 (UTC +04:00)
Sabah Bakı Ekspo Mərkəzində 8-ci Azərbaycan Beynəlxalq Ətraf Mühit “Caspian Ecology 2017” sərgisi keçiriləcək.
Bakıda "Caspian Ecology 2017" sərgisi başlayır

Bakı. Elçin Mehdiyev – Trend:

Sabah Bakı Ekspo Mərkəzində 8-ci Azərbaycan Beynəlxalq Ətraf Mühit “Caspian Ecology 2017” sərgisi keçiriləcək.

Trend-in məlumatına görə, sərginin açılışı ilə bağlı bu gün keçirilən mətbuat konfransında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) şöbə müdiri Rasim Səttar-zadə bildirib ki, 14-16 noyabr tarixlərində davam edəcək sərgi ekologiya və ətraf mühitin mühafizəsi sahəsində həm Xəzər, həm də Qafqaz regionlarında həyata keçirilən mühüm tədbirdir.

Mətbuat konfransında bildirilib ki, “Caspian Ecology” sərgisi Ekologiya və Təbii Sərvətlər Nazirliyi, eləcə də IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) İctimai Birliyi tərəfindən dəstəklənir. Sərginin təşkilatçısı qismində isə “Caspian Event Organisers” (CEO) şirkəti çıxış edir.

Bu il “Caspian Ecology” sərgisində dünyanın 7 ölkəsindən 53 şirkət iştirak edir. Onların arasında Azərbaycan, Almaniya, Böyük Britaniya, İsrail və digər ölkələr var. Sərgidə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, həmçinin AZƏRSU, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC, “Təmiz Şəhər” ASC, Azərbaycanın Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi kimi dövlət qurumları iştirak edəcəklər. Sərgidə həmçinin BP, SOCAR, HAZARDOUS WASTES, POLYMART, RETRO Holding, SOCAR POLYMER, ODIS FILTERING LTD kimi böyük şirkətlər xidmət və məhsullarını təqdim edəcəklər.

Ümumilikdə, “Caspian Ecology 2017” təbii resurslardan səmərəli istifadəsi sahəsində ən son məhsullar, sülb (bərk) tullantıların toplanması və utilizasiyası sistemləri, eləcə də alternativ energetika üzrə müasir avadanlıq nümunələri və digər məhsulları nümayiş edəcək.

İlk dəfə olaraq “Caspian Ecology” sərgisi çərçivəsində təşkilatçılar tərəfindən “Funksional Ekologiya və Ətraf mühit” mövzusunda konfrans keçiriləcək. Konfrans bölgədəki ən mühüm ekoloji məsələlərə toxunacaq: “Su ehtiyatlarının mühafizəsi və səmərəli idarə olunması”, “Su təsərrüfatında enerji effektivliyi və ekoloji cəhətdən təmiz texnologiyaların inkişafı”, “Təmiz Şəhər” ASC-nin fəaliyyəti”, “Davamlı inkişaf prinsipləri çərçivəsində ətraf mühitin idarə olunması”, “Ətraf mühitin mühafizəsi məqsədilə “yaşıl iqtisadiyyat” prinsiplərinin tətbiqi”, “Atmosferin çirklənməsində nəqliyyat vasitələrinin yeri”, “Qlobal İstiləşmə”. Konfransda Mütəllim Əbdülhəsənov, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekologiya və Təbiəti Mühafizə Siyasəti şöbəsinin sektor müdiri, Elçin Qurbanov, Azərsu ASC–nin Elmi Araşdırmalar və Xarici Əlaqələr şöbəsinin aparıcı mühəndisi, Nəzakət İsayeva, IDEA İB-nin nümayəndəsi, Sabit Zeyniyev, “Təmiz Şəhər” ASC–nin Ətraf Mühitin və Əməyin Mühafizəsinin şöbəsinin müdiri, İmran Əbdülov, ETSN-in Milli Hidrometeorologiya departamentinin direktor müavini, Mirsalam Qənbərov, ETSN-in Ətraf Mühit üzrə Milli Monitorinq departamentinin baş məsləhətçisi, Telman Zeynalov, Milli Ekoloji Proqnozlaşdırma Mərkəzi İB-nin prezidenti, Sadiq Həsənov, Sağlam Həyata Doğru Ekoloji İB- nin rəhbəri məruzəçi qismində çıxış edəcəklər.

Təşkilatçılar konfransın dövlət qurumları, işgüzar dairələr və ekspert təşkilatları arasında dialoq, fikir və təcrübə mübadiləsi üçün məhsuldar bir platforma olacağına ümid edirlər. Konfrans 14 noyabrda Bakı Ekspo Mərkəzinin ikinci mərtəbəsində yerləşən 19№-li otaqda keçiriləcək.

Beynəlxalq “Caspian Ecology” sərgisi işgüzar əlaqələrin genişləndirilməsi, habelə sənayedəki yeniliklərlə tanışlığa imkan yaratmaqla yanaşı, ətraf mühitin yaxşılaşdırılması istiqamətində görülən işlərə də əlavə təkan verəcək. Sərgi haqqında ətraflı məlumat www.caspianecology.az saytında yerləşdirilibdir. “Caspian Event Organisers” şirkətinin 2017-ci il üzrə tərəfdaşları arasında “Premier Tour” şirkəti (rəsmi turoperator), “Qafqaz Point Hotel” və “Hyatt Regency” mehmanxanaları (rəsmi otellər) yer alır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti