Bakı. Trend:
Böyük tarixi və strateji əhəmiyyətli layihə olan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin açılış mərasimi İordaniya mətbuatında da işıqlandırılıb.
Krallığın “Əmman əl-Urduniyyə” veb-saytı və “Əş-Şahid” qəzeti bu barədə foto-şəkillərlə geniş məqalələr dərc edilib.
Məqalələrdə 2017-ci ilin 30 oktyabrın tarixində keçirilmiş mərasimdə Azərbaycan Prezidenti İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və xanımı Əminə Ərdoğanın, Qazaxıstanın Baş naziri Bakıtjan Saqintayevin, Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvilinin, Özbəkistanın Baş naziri Abdulla Aripovun, həmçinin Tacikistan və Türkmənistandan nümayəndə heyətlərinin iştirak etdiyi vurğulanır. Qeyd olunur ki, 850 km-ə yaxın uzunluğu olan yolun 504 km-i Azərbaycan, 259 km-i Gürcüstan və 76 km Türkiyə ərazisindən keçir və bu yol vasitəsilə ilkin mərhələdə 5 milyon ton yük və bir milyon sərnişin, sonrakı mərhələdə 17 milyon ton yük və üç milyon sərnişin və daha sonralar isə daha böyük həcmdə yüklərin və sərnişin daşınması nəzərdə tutulur.
Məqalələrdə Azərbaycan Prezidenti İlham Əliyevin Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin açılış mərasimindəki çıxışından sitatlar gətirilib. Dövlət başçımızın bu xəttin Avrasiyanın nəqliyyat xəritəsinin önəmli hissəsinə çevrildiyi və bu yolun fəaliyyəti nəticəsində yol boyunca yerləşən ölkələr arasında ticarət dövriyyəsi ilə yanaşı, qarşılıqlı sərmayə qoyuluşunun da artacağı, bu yoldan istifadə edən bütün ölkələr arasında əməkdaşlığın dərinləşəcəyi, habelə Bakı-Tbilisi-Qars dəmir yolunun sabitliyə və təhlükəsizliyə xidmət göstərəcəyi barədə fikirləri xüsusi şəkildə vurğulanıb.
Qeyd olunub ki, Prezident İlham Əliyev Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəsi zamanı turizmin inkişafının da geniş vüsət alacağına, turistlərin sayının artacağına, ölkələrimizin geosiyasi əhəmiyyətinin yüksələcəyinə, biznesin inkişafı və qarşılıqlı faydalı əməkdaşlıq üçün əlavə imkanlar yaranacağına əminliyini ifadə edib.