...

Səfir: Bolqarıstan qaza olan tələbatının 1/3 hissəsini Azərbaycanın hesabına ödəyəcək

İqtisadiyyat Materials 9 Dekabr 2017 12:58 (UTC +04:00)

Bakı. Trend:

İki ölkə arasında imzalanmış Sazişə əsasən, 2020-ci ildə təchizatın başlanması planlaşdırılan illik 1 milyard kubmetr Azərbaycan qazının Bolqarıstanın qaza olan tələbatının 1/3 hissəsini ödəyəcək.

Trend-in məlumatına görə, bunu Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova Bolqarıstanın aparıcı “Bloomberg TV Bulgaria” telekanalına müsahibəsində deyib.

2015-ci ildə iki ölkə arasında imzalanmış strateji tərəfdaşlıq haqqında bəyannamənin vacibliyini vurğulayan N.Qurbanova bu sənədin ikitərəfli əməkdaşlıq üçün yeni imkanlar yaratdığını bildirib.

Nəqliyyatın prioritet sahələrdən biri olduğunu, Bolqarıstanın Azərbaycan tərəfindən Avropa İttifaqı (Aİ) bazarına giriş kimi qiymətləndirildiyini, Azərbaycanın isə Bolqarıstan üçün Mərkəzi Asiya regionuna çıxış imkanı yaratdığını bildirən səfir Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun açılışı və dəmir yolunun Asiya ilə Avropa arasında yük və sərnişin daşımaları üçün açdığı tarixi imkanlardan bəhs edib.

Diplomat Aİ-nin BTQ ilə bağlı bəyanatında Bolqarıstanın xüsusi vurğulandığını qeyd edib, bu ölkənin müşahidəçi qismində iştirak etdiyi Şimal-Cənub nəqliyyat dəhlizi layihəsi barədə də məlumat verib, İKT, turizm, kənd təsərrüfatı sahəsində mövcud imkanlardan bəhs edib.

Səfir həmçinin bildirib ki, Bakı-Sofiya-Bakı hava əlaqəsinin açılması yalnız iki ölkənin avia qurumları arasında əməkdaşlığın yaradılması deyil, həm də insanların bir araya gətirilməsi, ideya mübadiləsi, müxtəlif layihələrin birgə həyata keçirilməsi, iki ölkənin yaxınlaşması deməkdir. 2016-cı ildə 16000 Azərbaycan turistinin Bolqarıstana və 1300-ə yaxın bolqar turistin Azərbaycana səfər etdiyi bildirilib, açılacaq reysin həm iki ölkədə turizmin inkişafı, həm də ölkələrin tranzit potensialının genişlənməsinə töhfə verəcəyi qeyd olunub.

Verilişdə həmçinin, turizm sahəsinə diqqət ayrılıb. Səfir Azərbaycanın təbiəti, qonaqpərvərliyi, ölkədə mövcud turizm növləri və mövcud infrastruktur və şərait barədə ətraflı məlumat verib. N.Qurbanova davam edib ki, Bolqarıstan Azərbaycan turistləri üçün cəlbedici istiqamətdir və onlar Bolqarıstanda çimərlik, xizək, balneologiya, mədəni turizm və digər istirahət mərkəzlərinin mövcudluğu barədə məlumatlıdırlar.

Səfirliyin fəaliyyətində Azərbaycanın turizm sahəsinin Bolqarıstanda təbliğinə xüsusi diqqətin ayrıldığını qeyd edən N.Qurbanova 2017-ci ilin fevral ayında “Holiday&SPA EXPO” adlı 34-cü Beynəlxalq Turizm Sərgisi, aprel ayında Veliko Tırnovo şəhərində keçirilmiş “Mədəni Turizm” adlı 14-cü Beynəlxalq Turizm Sərgisində ölkəmizin təmsil olunduğunu bildirib.

Bundan əlavə, Bolqarıstanın Plovdiv şəhərində keçirilən “VİNARİA” 25-ci Beynəlxalq Üzümçülük və Şərab İstehsalı Sərgisi çərçivəsində baş tutmuş müsabiqədə “Hillside” qırmızı turş şərabın gümüş medala və sertifikata layiq görüldüyü, bundan əlavə dekabrın 2-də keçirilmiş 5-ci Balkan Rakia və Spirtli İçkilər festivalı çərçivəsində Azərbaycan istehsalı olan spirtli içkilərin təqdimatının keçirildiyi diqqətə çatdırılıb. Sonda səfir ölkəmizdə mədəni-tarixi irsin və ətraf mühitin qorunması istiqamətində aparılan siyasət və görülən tədbirlər haqqında məlumat verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti