Bakı. Trend:
Prezident İlham Əliyev Ağsu rayonunun Muğanlı-İsmayıllı (7 km)-Xatman-Hacman-Kalva-Suraxanı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd edilir ki, iki min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən Muğanlı-İsmayıllı (7 km)-Xatman-Hacman-Kalva-Suraxanı avtomobil yolunun tikintisi məqsədilə Azərbaycanın 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 5,8 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.
Maliyyə Nazirliyinə sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılır.