...

SOCAR rəhbərliyi və “Goldman Sachs International” nümayəndələri arasında görüş olub

İqtisadiyyat Materials 1 İyun 2018 12:18 (UTC +04:00)
SOCAR-ın prezidenti Rövnəq Abdullayev və şirkətin rəhbər heyəti “Goldman Sachs International” investisiya şirkətinin icraçı direktorları Sarel Eldor, Yakut Seyhanlı və Anton Sıçevlə görüşüb.
SOCAR rəhbərliyi və “Goldman Sachs International” nümayəndələri arasında görüş olub

Bakı. Trend:

SOCAR-ın prezidenti Rövnəq Abdullayev və şirkətin rəhbər heyəti “Goldman Sachs International” investisiya şirkətinin icraçı direktorları Sarel Eldor, Yakut Seyhanlı və Anton Sıçevlə görüşüb.

SOCAR-dan Trend-ə verilən məlumata görə, bu il SOCAR-ın bir sıra mühüm layihələri, o cümlədən “Goldman Sachs International” şirkətinin paydaş olduğu STAR neft emalı zavodu və TANAP boru kəməri kimi layihələr tamamlanmaq üzrədir. “Goldman Sachs International” şirkəti ilə əməkdaşlıq əlaqələrinin qurulduğu dövrdə hələ ilkin layihəndirmə mərhələsində olan sənaye obyektlərinin tikintisi bu gün artıq tamamlanmaq üzrədir və yaxın zamanda həmin müəssisələr gəlir gətirməyə başlayacaq.

SOCAR-ın əldə etdiyi uğurlu nəticələr gələcək əməkdaşlığın daha da əlverişli vasitələrlə davam etdirilməsinə stimul verir. Bu baxımdan SOCAR hazırkı və gələcək layihələrdə ortaqlıq prinsiplərini daha da əlverişli əsaslarda müəyyənləşdirmək üçün Goldman Sachs ilə birgə təhlil və araşdırma aparacaq.

Görüşdə həmçinin SOCAR-ın Türkiyədə və bütün dünyada genişlənən ticarət əməliyyatlarının maliyyələşdirilməsi ilə bağlı “Goldman Sachs International” Şirkətinin mümkün rolu gündəmə gətirilib. “Goldman Sachs International” SOCAR-ın dünya üzrə infrastruktur və sənaye layihələrini maliyyələşdirməkdə maraqlıdır. Bu istiqamətlərdə araşdırmaların aparılması üçün şirkətlər arasında işçi qrupunun fəaliyyəti planlaşdırılıb.

SOCAR “Goldman Sachs International” ilə əməkdaşlığı 2014-cü ilin dekabrında Petlim limançılıq şirkətinin 30 faizlik payının alınması ilə başlayıb. 2015-ci ildə isə Goldman Sachs SOCAR-ın törəməsi olan “SOCAR Turkey Energy A.Ş.” şirkətinin 13 faizinə yiyələnmək üçün 1,3 milyard dollar vəsait sərf edib. Goldman Sachs investisiya şirkətinin baş ofisi Nyu-Yorkdadır. Goldman Sachs investisiya bankçılığı, qiymətli kağızlar, investisiya menecmenti sahəsində fəaliyyət göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti