...

Əmlak qeydiyyatında yenilik - Mobil ofislər fəaliyyətə başladı (FOTO)

İqtisadiyyat Materials 16 İyul 2018 16:26 (UTC +04:00)
Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” adlı yeni sosial kampaniyaya start verib.
Əmlak qeydiyyatında yenilik - Mobil ofislər fəaliyyətə başladı (FOTO)

Bakı. Trend:

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” adlı yeni sosial kampaniyaya start verib.

Komitənin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, kampaniya daşınmaz əmlaka dair qeydiyyat xidmətlərini əhaliyə daha da yaxınlaşdırmaqla bu sahədə əlçatanlığı artırır.

Belə ki, bu sosial layihə ardıcıl olaraq respublikanın bütün ərazilərini əhatə edəcək. Öncədən elan edilən məkanda fəaliyyət göstərəcək mobil ofislər vətəndaşların xidmətində olacaq. Sakinlər ərazi idarələrinə getmədən bu mobil ofislərə müraciət etməklə səyyar şəkildə qeydiyyat xidmətlərindən yararlana biləcəklər.

Bu kampaniya iyulun 16-da Abşeron rayonun Ceyranbatan qəsəbəsində reallaşıb. Belə ki, sakinlər 16-20 iyul tarixlərində saat 09:00-dan 17:00-a qədər Ceyranbatan qəsəbəsinin 20 Yanvar küçəsi, 1 ünvanında fəaliyyət göstərən komitənin mobil ofislərinə yaxınlaşa bilərlər. Kampaniyanın əhatə etdiyi ərazi sakinlərinin səyyar qaydada bütün növ daşınmaz əmlak üzrə qeydiyyat xidmətlərindən yararlanmaq imkanı var. Başqa sözlə Abşeron rayonunun Ceyranbatan qəsəbəsinin əhalisi qeyd edilən tarixdə və vaxtda göstərilən ünvanlarda fəaliyyət göstərən mobil ofislərə müraciət edə bilərlər.

Vətəndaşlar komitənin rəsmi internet saytına (emdk.gov.az) daxil olaraq “Əmlakın qeydiyyatı kalkulyatorundan” istifadə etməklə qeydiyyat apardığı əmlakının parametrlərindən asılı olaraq dövlət rüsumunu və xidmət haqqını əvvəlcədən öyrənə bilərlər.

Kampaniya çərçivəsində sakinlərə daşınmaz əmlakın qeydiyyatı ilə bağlı lazımi məlumatları özündə əks etdirən informasiya bukletləri və bildirişlər paylanılıb.

Belə mobil ofislər vasitəsilə əmlaklar daha sadə və innovativ üsullarla sənədləşdiriləcək. Bu kampaniyalar vətəndaşların qeydiyyat orqanı ilə birbaşa ünsiyyətini təmin edəcək, digər kənar əlaqələrin aradan qaldırılmasına imkan verəcək.

Qeyd edilməlidir ki, qeydiyyatla bağlı sənədləri mobil ofislərlə yanaşı, ərazi idarələrinə də təqdim etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti