...

Məcburi əmək və qeyri-rəsmi məşğulluqla bağlı seminar keçirilib

İqtisadiyyat Materials 11 Sentyabr 2018 17:46 (UTC +04:00)
İşəgötürənlər arasında maarifləndirmə tədbirləri davam etdirilir.
Məcburi əmək və qeyri-rəsmi məşğulluqla bağlı seminar keçirilib

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti əmək qanunvericiliyi və onun tətbiqi ilə bağlı işəgötürənlərin ətraflı məlumatlandırılması məqsədi ilə Bakının Nəsimi rayonunda “Məcburi əmək və insan alverinin qarşısının alınması” və “Nəqliyyat iqtisadi sahəsində qeyri-rəsmi məşğulluğun qarşısının alınması” mövzularında seminar keçirib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, işəgötürənlərin nümayəndələrinin də iştirak etdikləri seminar zamanı qeyd olunub ki, qanunvericiliyə görə, heç kəs zorla işlədilə, əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Hər hansı qayda və üsulla zor işlətməklə, həmçinin əmək müqaviləsinə xitam veriləcəyi hədə-qorxusu ilə işçinin onun əmək funksiyasına daxil olmayan işi (xidməti) yerinə yetirməyə məcbur olunması qanunla qadağandır. Hər hansı şəxsin məcburi əməyə cəlb edilməsinə görə təqsirkar şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb olunurlar.

Tədbirdə qeyri-rəsmi məşğulluğun qarşısının alınması mövzusundan da geniş bəhs olunub. Qeyri-rəsmi məşğulluğun əmək qanunvericiliyinin, işçilərin sosial-əmək hüquqlarının ciddi şəkildə pozulmasına, vergi, sosial sığorta və digər məcburi ödəmələrin yerinə yetirilməməsinə səbəb olduğu diqqətə çatdırılıb. Nəqliyyat sahəsində fəaliyyət göstərən işəgötürənlərin də bu məsələyə daim məsuliyyətlə yanaşmalarının, onların qeyri-rəsmi məşğulluq hallarının qarşısının alınmasında fəal iştirak etmələrinin vacibliyi vurğulanıb.

İşəgötürənlərin sualları cavablandırılıb, onlara müvafiq mövzuları əhatə edən maarifləndirici çap materialları təqdim edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti