Bakı. Trend:
Hazırda “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin struktur bölmələrində 382 gənc əməkdaş çalışır.
Cəmiyyətdən Trend-ə verilən məlumata görə, Azərbaycanda həyata keçirilən gənclər siyasəti artıq öz bəhrəsini verir.
Azərbaycan Prezidenti İlham Əliyevin gənclərə göstərdiyi qayğı və etimad onların müxtəlif dövlət orqanlarında uğurla təmsil olunmasına şərait yaradıb. Ölkəmizdə həyata keçirilən dövlət gənclər siyasətinə uyğun olaraq, “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti də öz strukturlarında gənclərin işə qəbuluna ciddi diqqət yetirir.
Hazırda “Azərxalça”nın mərkəzi aparatında, Füzuli, Ağdam, Şəmkir, Tovuz, Ağstafa, Qazax, Quba, Xaçmaz, İsmayıllı və Qəbələ filiallarında, ümumilikdə, 964 nəfər çalışır. Qurumun əməkdaşlarından 759 nəfəri toxucu, digərləri isə inzibati-təsərrüfat işçisidir. Hazırda “Azərxalça”nın struktur bölmələrində 382 gənc əməkdaş çalışır ki, onların da 307 nəfəri toxucudur.
Toxucular Cəmiyyətin təşkil etdiyi tədris-hazırlıq kurslarında bu sənətin sirlərinə yiyələniblər. Tədris-hazırlıq kursları təşkil edilərkən bu kurslara gənclərin cəlbi diqqət mərkəzində saxlanılır.
Gənclərin bu sənətə yönləndirilməsi olduqca vacib və önəmli məsələdir. Çünki xalçaçılıq sənətinin yaşadılması gənclərin bu sənəti davam etdirməsindən asılıdır. Hamımıza məlumdur ki, XXI əsr yüksək texnologiyalar, sürətli innovasiyalar və elm tutumlu istehsalatlar əsridir. Müasir dövrün gəncləri elmi-texniki yeniliklərə daha çox meyl edir. Bu isə ənənəvi sahələrin, milli dəyərlərin unudulmasına gətirib çıxarır. Millətlərin və dövlətlərin öz milli dəyərlərini, ənənəvi sahələrini qoruyub saxlaya bilmələri üçün gənclər bu sahələrə istiqamətləndirilməli, onları yaşatmalı və davam etdirməlidirlər. Bu mənada gənclərin “Azərxalça”nın filiallarında işlə təmin olunması, onların toxuculuq peşəsinə yiyələnməsi strateji məqsədlərə xidmət edir. Çünki xalçaçılıq bizim milli sənətimizdir. Ölkə başçısı İlham Əliyevin dediyi kimi, xalça muğam, memarlıq abidələri kimi bizim milli dəyərimizdir, milli sərvətimizdir. Ona görə də bu sərvətimizin yaşadılaraq gələcək nəsillərə çatdırılması qarşıya qoyulan mühüm vəzifələrdən biridir.
Yaxşı hal odur ki, xalça istehsalı emalatxanalarında işləyən gənclər ömrünü bu sənətə həsr edən, uzun illərdir xalçaçılıqla məşğul olan toxucularla bir yerdə çalışır, onlardan sənətin sirlərini daha dərindən öyrənirlər. Beləliklə, xalçaçılıqda varislik təmin olunur, qədim el sənətimiz yaşadılaraq gələcək nəsillərə ötürülür.