...

Bakı Ali Neft Məktəbində Turizm Assosiasiyasının rəhbərliyi ilə görüş keçirilib

İqtisadiyyat Materials 20 Dekabr 2018 10:56 (UTC +04:00)

Bakı. Trend:

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Azərbaycan Respublikası Turizm Assosiasiyasının (AzTA) sədri Nahid Bağırov və Assosiasiyanın Hindistan üzrə rəsmi nümayəndəliyinin rəhbəri Razeen Hasan ilə görüşüb.

BANM-dan Trend-ə verilən məlumata görə, qonaqları Ali Məktəbdə salamlayan rektor Elmar Qasımov onlara Ali Məktəb haqqında geniş məlumat verib. Rektor bildirib ki, BANM-da hazırda xarici tələbələrin təhsil alması üçün bütün şərait vardır. Ali Məktəbin müasir tədris otaqları və laboratoriyaları, yataqxanası, kafeteriyası, idman kompleksi və s. tam dünya standartlarına cavab verir. Elmar Qasımov həmçinin vurğulayıb ki, BANM-ın öz tələbələrini hər tədris ilinin sonu yerli və transmilli şirkətlərdə təcrübə proqramlarına cəlb etməsi onu ölkədə digər universitetlərdən fərqləndirən xüsusiyyətlərdən biridir.

AzTA-nın sədri Nahid Bağırov Assosiasiyanın Hindistan Respublikası ilə əlaqələrinin genişləndiyini və hindistanlıların Azərbaycana marağının böyük olduğunu bildirib. O qeyd edib ki, BANM-da tədrisin ingilis dilində və Avropa standartlarına uyğun tədrisi Hindistandan olan gənclərin BANM-da tədris ala bilməsi üçün ən vacib amillərdəndir.

Daha sonra qonaq Razeen Hasan iki ölkə arasında turizm və təhsil əlaqələrinin qurulmasına daim dəstək göstərdiyini bildirib. O qeyd edib ki, Hindistandan olan tələbələrin BANM-da təhsil alması üçün, eyni zamanda Ali Məktəbin Hindistanda keçirilən təhsil sərgilərində iştirakının təmin edilməsi üçün öz töhfəsini verə bilər.

Görüşdə tələbə mübadilə proqramları, müxtəlif təhsil sərgilərində iştirak və Ali Məktəbin MBA təhsilinin Hindistanda təbliği ilə bağlı müzakirələr edilib. Bu istiqamətdə görüləcək işlərin rəsmiləşdirilməsi üçün Ali Məktəblə AzTA-nın Hindistan üzrə rəsmi nümayəndəliyi ilə memorandum imzalanması qərara alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti