...

Rövnəq Abdullayev məzun törəni münasibəti ilə BANM kollektivinə təbrik məktubu göndərib

İqtisadiyyat Materials 4 İyul 2019 12:34 (UTC +04:00)
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev Bakı Ali Neft Məktəbinin (BANM) məzun törəni münasibəti ilə Ali məktəbin kollektivinə təbrik məktubu göndərib
Rövnəq Abdullayev məzun törəni münasibəti ilə BANM kollektivinə təbrik məktubu göndərib

Bakı. Trend:

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev Bakı Ali Neft Məktəbinin (BANM) məzun törəni münasibəti ilə Ali məktəbin kollektivinə təbrik məktubu göndərib.

SOCAR-dan Trend-ə verilən məlumata görə, təbrik məktubunda deyilir:

"Hörmətli mərasim iştirakçıları!

Bu gözəl gündə hamınızı salamlayır, məzunlarımızı, onların valideynlərini və Bakı Ali Neft Məktəbinin kollektivini, professor-müəllim heyətini səmimi qəlbdən təbrik edirəm. Təhsilini uğurla başa vurub məzun olmaq hər bir tələbənin həyatında ən mühüm hadisədir, yeni mərhələnin başlanğıcıdır. Bu günü tələbələr kimi onların valideynləri və müəllimləri də intizarla gözləyiblər. Bu gün onların da sevinci yerə-göyə çığmır. Övladlarının və yetirmələrinin məzun günündə mən onlara gözaydınlığı verir, məzunlarımıza üz tutub deyirəm: Əziz gənclər, qoy bu gün atıldığınız müstəqil həyat yolunda uğur daim sizin yol yoldaşınız, yardımçınız olsun.

Yaxşı yadımdadır, 2011-ci ildə Azərbaycan Respublikasının möhtərəm Prezidenti İlham Əliyev cənabları qarşımıza yüksək texnoloji biliklərə sahib olan, ingilisdilli neftçi mütəxəssislər hazırlayacaq müasir təhsil standartlarına cavab verən yeni bir ali məktəb yaratmaq vəzifəsi qoydu. Bu məsələ o dövrdə SOCAR üçün olduqca aktual idi. Çünki əvvəlki dövrdə respublikamızda gənclər arasında humanitar fənlər populyarlaşmış, iqtisadi inkişafın dayağı olan texniki elmlərə maraq isə nisbətən zəifləmişdi və bu da yüksək ixtisaslı gənc neftçi kadrların hazırlanmasına maneə yaradırdı. Orta məktəb şagirdləri ilə məqsədyönlü işlər aparılır, müvafiq tədbirlər görülürdü. Lakin doğrusunu deyim ki, həmin maneənin aradan qaldırılması beynəlxalq səviyyəli tədris proqramına əsaslanan bu ali Məktəbin fəaliyyətə başlaması ilə gerçəkləşdi. Bakı Ali Neft Məktəbində yaradılan şərait, xaricdən müəllimlərin dəvət olunması, beynəlxalq əlaqələrin güclənməsi, tələbələr qarşısında geniş perspektivlər açılması gənclər arasında mühəndislik, texnologiya və təbiət elmlərinə yenidən böyük maraq oyatdı. Neft Məktəbi tədricən respublikamızın ən yüksək reytinqli ali məktəbinə çevrildi.

Çəkilən zəhmətin bəhrələrini görmək bizi sevindirir. Sevinirik ki, neftçilər ölkəmizdə təhsil standartlarının yüksəlməsinə ilbəil öz töhfələrini verirlər. Bakı Ali Neft Məktəbində əsl elmi axtarış mühiti, müəllimlərlə tələbələr arasında səmimi ustad-şagird münasibətləri, nəzəri biliklərin praktikada tətbiqi üçün əlverişli imkanlar yaradılmışdır.

Təhsilin yüksək keyfiyyəti, yeni, müasir tədris proqramlarına uyğun təşkili bu gün qəbul imtahanlarında ən yuxarı bal toplayan abituriyenləri məhz Bakı Ali Neft Məktəbini seçməyə həvəsləndirir. Ötən il birinci qrup üzrə 700 bal toplamış gənclərin hamısı BANM-i seçmişdir. Bu, yüksək nəticədir. Ölkəmizin ən parlaq zehinləri burada təhsil alır. Bu gün bakalavr pilləsindən 110, magistr pilləsindən isə 13 nəfər məzun neftçilər ailəsinin sıralarına qoşulur. Onlar uzaq ölkələrdə deyil, Bakıda, öz ailələrinin, valideynlərinin yanında beynəlxalq səviyyəli mühəndis təhsili almışlar. Amma eyni zamanda bu məzunların bir çoxu Bakı Ali Neft Məktəbinin diplomu ilə bərabər həm də nüfuzlu Heriot-Vatt Universitetinin diplomunu alırlar.

Çox fərəhli haldır ki, Bakı Ali Neft məktəbini bitirən gənclər üçün iş axtarmaq problemi yoxdur. Məktəbin bundan əvvəlki iki buraxılışının məzunları hamısı bir nəfər kimi müxtəlif aparıcı şirkətlərdən və SOCAR-ın istehsal strukturlarından təkliflər almışlar. Onlar hazırda BP, Halliburton, Schlumberger, Maire Tecnimont kimi xarici şirkətlərdə, SOCAR-ın Türkiyədəki müəssisələrində, eləcə də Azərbaycanda - “Azneft” və “Azərikimya” İstehsalat Birliklərində, Kompleks Qazma İşləri Trestində, “SOCAR Karbamid”, “SOCAR Polymer” zavodlarında, SOCAR KBR və başqa birgə müəssiələrdə uğurla çalışırlar. Mən hər dəfə Türkiyədə olarkən orada çalışan məzunlarımızın əmək fəaliyyəti ilə maraqlanır, onların uğurlarına ürək dolusu sevinirəm. Müsbət haldır ki, bu ilki məzunların da əksəriyyəti

hələ diplom almamış artıq müxtəlif şirkətlərdən iş təklifləri alıblar.

Əziz məzunlar!

Bakı Ali Neft Məktəbinin məzunu olmaq təkcə sizin üçün, valideynləriniz üçün deyil, çoxminli SOCAR ailəsi üçün də əlamətdar hadisədir. Azərbaycan dövlətçiliyinin memarı, qalibiyyətli enerji strategiyamızın banisi Ulu öndər Heydər Əliyevin məşhur sözlərini hamınız yaxşı xatırlayırsınız: “Neft Azərbaycan xalqının ən böyük sərvəti olub, xalqa, özü də təkcə indiki nəslə deyil, həm də gələcək nəslə məxsusdur”. Neft gəlirlərinin məqsəd yox, vasitə olduğunu söyləyərək, milli sərvətimizin insan kapitalına transformasiya edilməsi konsepsiyasını irəli sürən möhtərəm Prezidentimiz İlham Əliyev Ümummilli liderin bu fikrini qısa müddətdə gerçəkliyə çevirdi. Azərbaycanın davamlı inkişafı, müasirləşməsi, güclənməsi, şəhər və kəndlərimizin abadlaşması, əhalinin rifah halının durmadan yaxşılaşması - bütün bunlar qara qızılı insan kapitalına çevirmək ideyasının nəticələridir. Zamanın çağırışlarına operativ cavab verə bilən müasir dünyagörüşlü gənc nəslin yetişdirilməsi, müvafiq təhsil proqramlarının icra olunması bu konsepsiyanın prioritet isqtiqamətlərindən birini təşkil edir. İnsan kapitalının əsas mənbəyi yüksək təhsildir. Möhtərəm Prezidentimizin təşəbbüsü ilə indiyədək minlərlə azərbaycanlı gəncin xaricdə, dünyanın aparıcı universitetlərində təhsili maliyyələşdirilmişdir. Onlar yüksək səviyyəli mütəxəssis kimi yetişərək, hazırda ölkə iqtisadiyyatının müxtəlif sahələrində uğurla çalışırlar. Dövlətimizin müdrik rəhbərinin tapşırığına əsasən, SOCAR da neft sənayesi üçün müasir biliklərə yiyələnmiş peşəkar kadrların hazırlanması istiqamətində müxtəlif layihə və proqramlar icra edir. İndiyə qədər 300-ə yaxın gənc şirkətimizin Xarici Təqaüd Proqramına, 2000 nəfərdən artıq tələbə isə açıq müsabiqədə qalib gələrək, Daxili Təqaüd Proqramına cəlb edilmişdir. Daxili və xarici təqaüd proqramlarının qalibləri daim diqqət mərkəzindədir. Onlara müsabiqədənkənar işlə, gənc mütəxəssis statusunda növbədənkənar evlə təmin olunmaq imkanı yaradılır. Hazırda şirkətimizin Xarici Təqaüd Proqramına cəlb olunmuş gənclərdən 276, Daxili Təqaüd Proqramının iştirakçılarından 212 nəfəri SOCAR-da məsul vəzifələrdə uğurla fəaliyyət göstərir.

Bu gün ölkəmizdə gənclər üçün sosial liftlər sürətlə işləyir. Bu, xalqımızın daha işıqlı gələcəyinə əminlik yaradan misilsiz nailiyyətdir və onun təməlində xalqımızın ümummilli lideri Heydər Əliyevin uğurlu gənclər siyasəti dayanır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları qarşıya gənc nəslin ictmai fəallığını artırmaq, onun enerji və potensialından daha effektiv istifadə etmək, gəncləri cəmiyyətimizin aparıcı qüvvəsinə çevirmək kimi vəzifələr qoymuşdur. Bunun üçün dövlətimiz üzərinə düşən hər şeyi edir. Sizin də hər birinizdən təşəbbüskarlıq, öz peşəsini sevmək və həvəslə çalışmaq tələb olunur. Gənclik - insan ömrünün qurub yaratmaq eşqi ilə çağlayan dövrüdür.

Sizin şansınız gətirib ki, gəncliyiniz müstəqil Azərbaycanın misilsiz iqtisadi yüksəliş dövrünə təsadüf edir. Bu gün bizim ölkəmizdə yaşamaq, oxumaq, işləmək, uğur qazanmaq üçün gənclərə bütün imkanlar yaradılıb. Azərbaycan dövlətinin başçısı, gənclərin ən yaxın dostu Möhtərəm Prezidentimiz deyir: “Mənim gənclərə xüsusi münasibətim var, mənim ürəyim sizinlədir. Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram”. Bu yüksək münasibətə cavab olaraq Azərbaycanın parlaq gələcəyinin təminatçısı olan gənclərimiz də müstəqil Azərbaycan naminə var güclərini səfərbər etməli, vətənin inkişafı üçün səylə çalışmalı, öz siyasətində onlara arxalanan ölkə Prezidentinin etimadını əməli işləri ilə doğrultmalıdırlar.

Fürsətdən istifadə edərək, bu gözəl mərasimin iştirakçıları adından gənclərin inkişafı üçün respublikamızda yaradılmış böyük imkanlara görə cənab Prezidentə sonsuz minnətdarlığımızı bildirmək istəyirəm. (alqışlar)

Əziz məzunlar!

Bu gün siz həyatınızın dönüş nöqtəsinə, müstəqil həyata qədəm qoyursunuz. Kiminiz təhsilini davam etdirəcək, kiminiz istehsalatda çalışacaqsınız. Amma əminəm ki, Bakı Ali Neft Məktəbində əldə etdiyiniz biliklər, müxtəlif istehsalat sahələrində təcrübə zamanı qazandığınız əmək vərdişləri, mənimsədiyiniz mənəvi dəyərlər gələcək fəaliyyətinizdə sizə güc və qüvvə verəcək, cəmiyyətimizin layiqli üzvləri kimi yaşayıb yaratmağınız üçün etibarlı təməl olacaqdır.

Şanlı tarixə malik Azərbaycan neft-qaz sənayesinin sabahkı liderlərinin sizin aranızda olduğuna inanıram. Dövlətimiz sizlərə böyük etimad bəsləyir və sizdən Vətənimizin daha işıqlı gələcəyi naminə yüksək əzmkarlıq gözləyir. Bu Ali Məktəb sizə biliklər verdi, müxtəlif bacarıqlar aşıladı, həyatda doğru yolu göstərdi. Siz artıq seçəcəyiniz sahələrdə uğur qazanmaq üçün çox etibarlı intellektual bazaya maliksiniz. Siz elə bu gündən neft sənayesində işləyə bilərsiniz. Yəqin ki, aldığınız iş təkliflərinə uyğun iş yerləri ilə də anlaşmısınız. Lakin bir şeyi daim yadda saxlayın ki, bu günə qədər olduğu kimi, bundan sonra da gələcək nailiyyətləriniz öz əlinizdədir. Bilin ki, yalnız səylə çalışmaq, təşəbbüskar olmaqla uğur qazanıb hədəflərinizə çata bilərsiniz.

Xəyallarınızın gerçəkləşməsi üçün inamlı olun, öz gücünüzə güvənin, ətrafınızdakıların qayğısına qalın. Zəhmətkeş olun, inanın ki, zəhmətinizin bəhrəsini mütləq görəcəksiniz. Uğur özü gəlib sizi tapacaq. Mən buna əminəm və sizə böyük uğurlar arzulayıram.

Bir daha hamınızı ürəkdən təbrik edirəm, sizə xoşbəxt, firavan həyat arzu edirəm.

Diqqətinizə görə təşəkkür edirəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti