...

Qara Dəniz Ticarət və İnkişaf Bankının istiqraz emissiyası ilə bağlı tədbir keçirilib

İqtisadiyyat Materials 2 Avqust 2019 18:35 (UTC +04:00)

Bakı. Trend:

Avqustun 2-də “Azərbaycan kapital bazarında Qara Dəniz Ticarət və İnkişaf Bankının ilk istiqraz emissiyası” mövzusunda tədbir keçirilib.

Qara Dəniz Ticarət və İnkişaf Bankının 01.08.2019-cu il tarixində 10 milyon manat məbləğində kütləvi təklif üsulu ilə Bakı Fond Birjasında ticarətə buraxılmış istiqrazları üzrə 81 milyon manat məbləğində sifariş toplanıb. Azərbaycan qiymətli kağızlar bazarında ilk dəfə beynəlxalq maliyyə institutunun milli valyutada emissiya etdiyi istiqrazlar investorlar tərəfindən böyük maraqla qarşılanıb, nəticədə hərrac üsulu ilə yerləşdirilmiş istiqrazlara tələb təklifi səkkiz dəfə üstələyib.

Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının təşəbbüsü ilə beynəlxalq maliyyə institutlarının istiqraz emissiyası üzrə beynəlxalq təcrübəyə uyğun stimullaşdırıcı hüquqi çərçivənin yaradılması, o cümlədən BFB-nin listinq qaydalarında beynəlxalq maliyyə institutlarının spesifikasiyasına uyğun listinq tələblərinin müəyyən edilməsi nəticəsində həmin təşkilatların yerli bazarda istiqraz emissiyası təşviq edilmişdir. Bu istiqamətdə atılan addımlar nəticəsində nüfuzlu beynəlxalq maliyyə institutlarından biri hesab edilən Qara Dəniz Ticarət və İnkişaf Bankı Azərbaycan qiymətli kağızlar bazarında ilk istiqrazlarını müvəffəqiyyətlə yerləşdirmişdir.

Tədbirdə çıxış edən Qara Dəniz Ticarət və İnkişaf Bankının prezidenti cənab Dmitri Pankin bu istiqraz emissiyanın Maliyyə Bazarlarına Nəzarət Palatası, Maliyyə Nazirliyi və Bakı Fond Birjası ilə olan davamlı əməkdaşlıq və onların dəstəyi ilə baş tutduğunu, həmçinin yerli bazar üçün mühüm yenilik olduğunu vurğulayıb. O qeyd etdi ki, bu istiqraz buraxılışı Azərbaycanın kapital bazarlarının inkişafı və bazarda alət çeşidinin artırılması sahəsində mühüm addımdır.

Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyətinin üzvü vəzifəsini icra edən Əfqan Baxışov bu istiqrazların yerləşdirilməsindən əldə olunmuş vəsaitlərin kiçik və orta biznes subyektlərinin maliyyə resurslarına çıxış imkanlarını artıracağını və yaxın gələcəkdə digər beynəlxalq maliyyə təşkilatlarının da Azərbaycanda istiqraz buraxılışı həyata keçirəcəyinə əminliyini bildirib.

Tədbirin sonunda iştirakçıları və media nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti