...

İlyas Hüseynov: Özəl sektorun sosial məsuliyyət təşəbbüsləri cəmiyyətimizin rifahının qorunması üçün önəmlidir

İqtisadiyyat Materials 23 Mart 2020 12:21 (UTC +04:00)
Koronavirus (COVID-19) infeksiyasının əhatə dairəsinin və coğrafiyasının genişlənməsinin qlobal iqtisadiyyata, beynəlxalq maliyyə və əmtəə bazarlarına, o cümlədən neftin qiymətinə mənfi təsirləri artmaqdadır.
İlyas Hüseynov: Özəl sektorun sosial məsuliyyət təşəbbüsləri cəmiyyətimizin rifahının qorunması üçün önəmlidir

Bakı. İlhamə İsabalayeva - Trend:

Koronavirus (COVID-19) infeksiyasının əhatə dairəsinin və coğrafiyasının genişlənməsinin qlobal iqtisadiyyata, beynəlxalq maliyyə və əmtəə bazarlarına, o cümlədən neftin qiymətinə mənfi təsirləri artmaqdadır.

Bunu Trend-ə Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentinin baş məsləhətçisi, politoloq İlyas Hüseynov deyib.

Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncamı Azərbaycanda koronavirus pandemiyasının ölkə iqtisadiyyatına, əhalinin sosial rifahına mənfi təsirlərinin qarşısını almaq üçün qabaqlayıcı tədbirləri özündə əks etdirir.

Politoloq hesab edir ki, koronavirus (COVID-19) pandemiyasının geniş ərazilərə yayılmasının qarşısını almaq, ölkənin və əhalinin zərər çəkməməsi üçün Azərbaycan dövləti bütün resursları səfərbər edir:

"Ölkəmizdə koronavirus xəstəliyinin yayılmasının qarşısını almaq məqsədilə ticarət, turizm, ictimai iaşə və s. sahələrdə xüsusi iş rejimləri tətbiq olunub və əhalinin sosial təcridolunması təmin edilib. Ölkəmizdə əhalinin sağlamlığını və təhlükəsizliyini təmin etmək məqsədilə həyata keçirilən sosial təcrid tədbirləri ölkədə işgüzar fəallığı zəiflədə və iqtisadiyyatın əksər sahələrinin inkişafına mənfi təsirlər göstərə bilər. Koronavirusun yayıldığına və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında kəskin dalğalanmalar baş verdiyinə görə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsindən Nazirlər Kabinetinə 1 milyard manat məbləğində ayrılan vəsait sahibkarların dəstəklənməsi, ölkədə makroiqtisadi sabitliyin qorunub saxlanması, ölkə əhalisinin, xüsusilə aztəminatlı təbəqənin sosial müdafiəsinin təmin olunmasına və digər bu kimi məqsədlərə yönəldiləcək. Azərbaycan dövləti iqtisadiyyatda baş verə biləcək neqativ tendensiyaları layiqli qarşılamaq üçün zəruri iqtisadi və maliyyə imkanlarına malikdir. Bu imkanlara arxalanaraq dövlət daim ən çətin vaxtlarda xalqın rifahının qorunmasına və özəl sektorun inkişafına öz dəstəyini göstərib".

İ.Hüseynov qeyd edib ki, hazırda ölkəmizin qarşısında duran əsas vəzifələrdən biri də iqtisadiyyatın sabitliyinə olan mümkün təsirləri aradan qaldırmaq, əhalinin sosial rifahını qorumaq, iqtisadi inkişafın davamlılığını təmin etməkdir.

"Eyni zamanda, bu sahədə özəl sektorun sosial məsuliyyət təşəbbüsləri də ölkəmizin dayanıqlı inkişafının və cəmiyyətimizin rifahının qorunması üçün önəmli rola malikdir:

"Azərbaycan Prezidenti İlham Əliyevin 19 mart tarixli Sərəncamının ölkə iqtisadiyyatının sabitliyinin davamlığını və xarici təsirlərə dayanıqlığının təmin edilməsi, iqtisadiyyatın inkişaf perspektivlərinin qorunması məqsədi daşıdığını xüsusi qeyd etmək lazımdır. Prezident tərəfindən imzalanan Sərəncama əsasən yaradılacaq işçi qrup zərər çəkməsi ehtimal olunan iqtisadi fəaliyyət sahələrinin, bu sahələrdə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin siyahısını müəyyən etmək üçün müvafiq meyarları təsdiq edəcək. Qrup problemin ölkənin biznes mühitinə mənfi təsirini azaltmaq və ölkədə iqtisadi artımın davam etməsinə dəstək göstərmək məqsədilə Nazirlər Kabinetinə təkliflər təqdim edəcək. Eyni zamanda, mütəmadi olaraq, hüquqi və fiziki şəxslərin ehtimal olunan zərərinin məbləğini müəyyən edəcək. Sərəncama görə, Maliyyə nazirinin rəhbərliyi ilə yaradılacaq digər işçi qrup iqtisadi fəaliyyət sahələrinə, sahibkarlıq fəaliyyəti göstərən hüquqi və fiziki şəxslərə dəstəyin göstərilməsi barədə Nazirlər Kabinetinə təklifllər göndərəcək. Eyni zamanda, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin rəhbərliyi ilə yaradılan İşçi Qrup isə zərər çəkməsi ehtimal olunan iqtisadi fəaliyyət sahələrində çalışan muzdlu işçilərin sosial müdafiəsi və onlara dövlət dəstəyinin göstərilməsi, məşğulluq tədbirlərinin gücləndirilməsi, ölkə əhalisinin aztəminatlı hissəsinin sosial müdafiəsinin gücləndirilməsi üçün təkliflər hazırlayacaq".

Politoloqun fikrincə, Mərkəzi Bankın sədrinin rəhbərliyi ilə yaradılacaq işçi qrup problemin bank sektoruna və makroiqtisadi mühitinə ehtimal olunan mənfi təsirlərinin qiymətləndirilməsini həyata keçirəcək, Azərbaycan manatının məzənnəsinin və istehlak qiymətlərinin sabitliyinin dəstəklənməsi, ölkədə makroiqtisadi sabitliyin qorunub saxlanması üçün həyata keçirilməli olan əlavə tədbirləri müəyyənləşdirəcək:

"COVID-19 pandemiyasının Azərbaycan iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı dövlət başçısı tərəfindən atılan addımlar Azərbaycanda əhalinin sağlamlığının, təhlükəsizliyinin və rifahının təmin edilməsi məqsədi daşıyır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti