Bakı. Trend:
Vergilər Nazirliyi vergi ödəyicilərinə müraciət edib.
Trend-in məlumatına görə, müraciətdə deyilir:
"Məlum olduğu kimi, hüquqi şəxslərin mənfəət və əmlak vergisi, fiziki şəxslərin gəlir vergisi bəyannamələrinin təqdim edilməsinin və vergilərin ödənilməsinin son müddəti 31.03.2020-ci ildir. Bundan başqa, 2020-ci ilin fevral ayına görə təqdim edilməli olan aksiz, yol vergisinin, əlavə dəyər vergisinin, mədən vergisinin, pul vəsaitlərinin nağd çıxarılmasına görə sadələşdirilmiş verginin, uduşlardan (mükafatlardan) əldə edilən gəlirdən ödəmə mənbəyində tutulan verginin və daşınmaz əmlak təqdim edən şəxslərdən ödəmə mənbəyində tutulan sadələşdirilmiş verginin bəyannamələri martın 29-dək təqdim edilməli idi. Lakin Nazirlər Kabinetinin 25 mart 2020-ci il tarixli “Azərbaycan Respublikasının ərazisində xüsusi əmək rejimi olaraq qeyri-iş günlərinin müəyyən edilməsi barədə” qərarı ilə Azərbaycan Respublikasının ərazisində xüsusi əmək rejimi olaraq beşgünlük iş həftəsində çalışanlar üçün 29 mart - 3 aprel tarixləri, altıgünlük iş həftəsində çalışanlar üçün 26 - 28 mart və 30 mart - 4 aprel tarixləri qeyri-iş günləri müəyyən edilib.
Bu səbəbdən, Vergi Məcəlləsinin 68.2-ci maddəsinə əsasən, 2019-cu ilin yekunlarına görə təqdim edilməli olan hüquqi şəxslərin mənfəət və əmlak vergisinin, fiziki şəxslərin gəlir vergisinin, 2020-ci ilin fevral ayına görə təqdim edilməli olan aksizin, ƏDV, yol və mədən vergilərinin, pul vəsaitlərinin nağd çıxarılmasına görə sadələşdirilmiş verginin, uduşlardan (mükafatlardan) əldə edilən gəlirdən ödəmə mənbəyində tutulan verginin bəyannamələrinin təqdim edilməsinin və vergilərin ödənilməsinin son müddəti 06.04.2020-ci il tarixə keçirilib. Bundan başqa, 2020-ci ilin fevral ayına görə daşınmaz əmlak təqdim edən şəxslərdən ödəmə mənbəyində tutulan sadələşdirilmiş verginin bəyannaməsinin təqdim edilməsinin, eləcə də xüsusi notariusların fevral ayı üzrə hesabladığı gəlir vergisinin və muzdlu işlə əlaqədar fevral ayı üzrə ödəmə mənbəyində hesablanaraq tutulan verginin dövlət büdcəsinə ödənilməsinin son müddəti kimi 06.04.2019-cu il tarixi müəyyən edilib".