...

Strateji valyuta ehtiyatlarımız ölkəmizin iqtisadi təhlükəsizliyi üçün güclü zəmin yaradır - Deputat

İqtisadiyyat Materials 30 İyul 2021 13:43 (UTC +04:00)

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycan iqtisadiyyatı 2021-ci ildə inkişaf ssenarilərini davam etdirməklə bərabər, ölkəmizin güclü təhlükəsizlik yastığı olan strateji valyuta rezervlərinin artırılmasına da nail olub. Cari ilin altı ayında valyuta ehtiyatlarımız 1 milyard dollar artaraq 51 milyard dolları ötüb.

Bu barədə Trend-ə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov bildirib.

A.Hüseynov vurğulayıb ki, Azərbaycanın strateji valyuta ehtiyatları ölkədə makroiqtisadi sabitliyin qorunması, fiskal dayanıqlılığın, qeyri-neft sektorunun inkişafının təmin edilməsi, eləcə də ölkənin sosial-iqtisadi tərəqqisi naminə mühüm ümummilli layihələrin maliyyələşdirilməsində ciddi rol oynamaqla yanaşı, ölkənin iqtisadi zənginliyində və etibarlı tərəfdaş kimi beynəlxalq imicinin formalaşmasında da mühüm rol oynayır.

Millət vəkili qeyd edib ki, ölkəmizin strateji valyuta ehtiyatları son 10 ildə 2 dəfəyə yaxın artaraq 52 milyard ABŞ dollarına çatmış və bu rəqəm bütövlükdə ölkənin ÜDM-ni üstələyir: “Makroiqtisadi və məzənnə sabitliyi baxımından son on il ərzindəki dövrün mürəkkəbliyinə baxmayaraq, 2020-ci ilin sonuna Mərkəzi Bankın rəsmi valyuta ehtiyatları 6,5 milyard dollar həcmində qorunub saxlanılıb.

Milli iqtisadiyyatın inkişafı üçün baza şərti olan makroiqtisadi sabitliyin formalaşmasına və davamlı olmasına, maliyyə infrastrukturunun inkişafına nail olunub. Ötən 10 ildə neft ixracı 2,3 dəfə azalsa da, valyuta ehtiyatları 2,5 dəfə artıb. Belə ki, Azərbaycanın valyuta ehtiyatları 2010-cu ildə 27 778,4 milyon, 2011-ci ilin on ayında 39 185,8 milyon, 2012-ci ilin on ayında 44 698,9 milyon, 2013- cü ildə 49 071,9 milyon, 2014-cü ildə 52 347,7, 2015-ci ildə 41 752,8, 2016-cı ildə 39 954,8 milyon, 2017-ci ildə 41 187,5 milyon, 2018-ci ildə 44 522,2 milyon, 2019-cu ildə 44 140,9 milyon ABŞ dolları olub.

Hazırda ÜDM-in 70 faizi həcmində strateji valyuta ehtiyatı formalaşmışdır ki, bu göstəricilərə görə Azərbaycan dünyada ilk 15 ölkə sırasındadır. Azərbaycan strateji valyuta ehtiyatlarının ÜDM-ə nisbətinə (122%) görə dünyada ilk sırada yer alır. Xarici sektor göstəricilərinin yaxşılaşması şəraitində valyuta bazarının sabitliyi qorunub. İnflyasiyanın aşağı birrəqəmli səviyyədə (2020-ci ilin sonunda 2,8%) olması əhalinin gəlirlərinin artmasını və investorların gözləntilərinin yaxşılaşmasını təmin edib”.
A.Hüseyovun sözlərinə görə, ölkənin strateji valyuta ehtiyatlarının çoxalması, həmçinin, Azərbaycanın kredit reytinqinin yüksəlməsinə də əsaslı möhkəm zəmin yaradıb: “Valyuta ehtiyatlarının artması xarici investorlar üçün ölkənin cəlbediciliyini artırır. Həmçinin, valyuta ehtiyatlarının sürətlə artması ölkənin ödəniş qabiliyyətli olması, öhdəliklərin vaxtında yerinə yetirilməsi deməkdir. Ümumilikdə, strateji valyuta ehtiyatlarının artımı ölkə iqtisadiyyatının mümkün xarici böhran təsirlərinə qarşı həssaslığını azaldır”.

Millət vəkili bildirib ki, Azərbaycanda valyuta ehtiyatları xarici dövlət borcundan təxminən 6 dəfə çoxdur: “Bu, dünyada çox nadir halda rast gəlinən məsələdir. Çünki ölkələrin mütləq əksəriyyətinin dövlət borcu valyuta ehtiyatlarından qat-qat böyük rəqəmlərlə ölçülür”.

Deputat, eyni zamanda, valyuta ehtiyatlarının səmərəli idarə edilməsi ilə bağlı yürdülən siyasətin də mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb: “Təbii sərvətlərdən əldə olunan gəlirlərin səmərəli idarə edilməsi ilə əlaqədar Azərbaycanın mükəmməl straetigiyası vardır. Bu siyasətin nəticəsidir ki, Dövlət Neft Fondunun (DNF) aktivlərinin həcmi 1,9 dəfəyə yaxın artaraq 2020-ci ildə 43,6 mlrd. ABŞ dollarına çatıb. 2001-2020-ci illərdə DNF-nin vəsaitlərinin idarə edilməsindən 8,3 mlrd. dollar gəlir əldə olunub ki, bunun da 7,4 mlrd. dolları (89,2%-i) beynəlxalq əmtəə və maliyyə bazarlarının kəskinləşdiyi 2010-2020-ci illərdə əldə edilib.

Fondun vəsaitlərinin bir hissəsi iri strateji əhəmiyyətli layihələrin maliyyələşdirilməsi, qaçqın və məcburi köçkünlərin sosial-məişət vəziyyətinin yaxşılaşdırılması, infrastruktur quruculuğu, xaricdə təhsil və makroiqtisadi sabitlik məqsədlərinə yönəldilib. Həmçinin, Neft Fondunun investisiya portfeli şaxələndirilmiş və qızıl, daşınmaz əmlak, səhm kimi yeni alətlərə investisiyalar qoyulub.

Fond şəffaflıq və hesabatlılığa görə Medual-Linaburq indeksində ilk sırada, Suveren Fondlar İnstitutu tərəfindən dünyanın ən nüfuzlu 100 investoru siyahısında ilk 10-luqda, Peterson İnstitutunun suveren fondların şəffaflıq və hesabatlılıq cədvəlində ilk beşlikdə yer alıb”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti