...

İranın Astara gömrüyü üzərindən tranziti azalmayıb, əksinə, 300 faiz artıb - İranlı rəsmi

İqtisadiyyat Materials 19 Oktyabr 2021 20:07 (UTC +04:00)
İranın Astara gömrüyü üzərindən tranziti azalmayıb, əksinə, 300 faiz artıb - İranlı rəsmi

Trend-i buradan izləyin

Bakı. Elnur Bağışov – Trend:

Son həftələr ərzində İranın şimalında yerləşən Gilan vilayətinin Astara rayonunda sərhəd-buraxılış məntəqəsindən yük maşınlarının keçidi maksimum dərəcədə artıb.

Bunu Trend-ə açıqlamasında İranın Astara Gömrük İdarəsinin baş direktoru Kərim Rəsuli deyib.

K.Rəsulinin sözlərinə görə, hazırda Astara sərhəd-buraxılış məntəqəsinin quru keçidi vasitəsi ilə gündəlik 200 yük maşını ölkədən çıxır.

Rəsuli əlavə edib ki, son həftələrdə bu sərhəd-buraxılış məntəqəsi vasitəsi ilə həm məhsul ixracı, həm də məhsul tranziti artıb. Bu artımın səbəbi İranda ilin ikinci yarısında məhsul ixracının artmasıdır: “Cari İran ilinin 6 ayı (21 mart - 22 sentyabr 2021) ərzində Astara gömrük-sərhəd buraxılış məntəqəsi üzərindən tranzit ötən ilin analoji dövrü ilə müqayisədə 300% artıb”.

Gömrük rəsmisi deyib ki, Astara sərhədi vasitəsi ilə məhsul idxalı azalıb. Məhsul idxalının azalması normal hesab edilir. Çünki İran strateji əhəmiyyət kəsb edən zəruri məhsullar istisna olmaqla digər məhsulların idxalını minimuma endirmək niyyətindədir. Bundan əlavə, rayonun dəmiryolu və limanı vasitəsi ilə məhsul ixracı, idxalı və tranziti müntəzəm şəkildə həyata keçirilir: "İran qonşu ölkələrlə gömrük münasibətlərinin inkişaf etdirilməsi istiqamətində imzalanan anlaşmaları icra edir. 3 il öncə Avrasiya İqtisadi Birliyi ilə MDB Məşvərət Şurası arasında bir anlaşma imzalanıb. Bu anlaşmaya əsasən, İran Avrasiya İqtisadi Birliyinin imkanlarından istifadə edir. Beləliklə, bu ölkələrə məhsul ixracı və bu ölkələrdən məhsul idxalı əsasən Astara sərhəd-buraxılış məntəqəsi vasitəsi ilə həyata keçirilir. Həmçinin, bu anlaşma Astara sərhəd-buraxılış məntəqəsi üzərindən məhsul tranzitinin artması ilə nəticələnib".

Qeyd edək ki, ötən gün bir sıra KİV-də İran-Rusiya birgə Ticari Palatasının direktorlar şurasının üzvü Seyid Cəlil Cəlalifərinin açıqlaması yayılmışdı. KİV-də yayılan açıqlamada Astara gömrük-sərhəd keçid məntəqəsinin İran tərəfində böyük sıxlığın yarandığı iddia olunurdu. Guya buna Azərbaycan tərəfinin İran-Azərbaycan münasibətlərinin gərginləşməsi fonunda qəsdən etdiyi vurğulanırdı.

Bu gün isə Azərbaycan Dövlət Gömrük Komitəsi yaydığı rəsmi məlumatda bildirib ki, Azərbaycanın İrandan Rusiyaya ixraca mane olduğu barədə məlumatlar doğru deyil: "Astara gömrük-sərhəd keçid məntəqəsi gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirir və İrandan Azərbaycana son on gündə əvvəlki günlərlə müqayisədə daha çox yük nəqliyyat vasitəsinin keçidi təmin olunub ki, İran rəsmisi bu statistikanı da öz ölkəsinin müvafiq qurumlarından rahatlıqla əldə edə bilər. İran tərəfində yaranan sıxlığa gəlincə isə qeyd edək ki, bu sırf İran tərəfində yaranan problemlərdən qaynaqlanır. Belə ki, oktyabrın 15-dən 16-na qədər 10 saat ərzində İran tərəfində kompüter sistemində yaranan nasazlıq və bu müddət ərzində yük avtomobillərinin keçidinin təmin edilməməsi, eləcə də İranın Astara şəhərində meyvə-tərəvəz anbarlarında yükləmə-boşaltma əməliyyatlarında mövcud olan uzun növbələr sıxlığın yaranmasına səbəb olub. İran tərəfindəki problemlərdən qaynaqlanan sıxlıqda Azərbaycanı günahlandırmaq və buna siyasi don geyindirmək yolverilməzdir və təəssüf doğurur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti