Bakı. Trend:
Prezident İlham Əliyevin əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında sərəncamının əsas hədəfi hərbi rütbəli şəxslər olub.
Trend-in məlumatına görə, bunu Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədr müavini Zəka Mirzəyev deyib.
O qeyd edib ki, qulluq stajına görə əlavə alan pensiyaçıların sayı 102 min nəfərdir.
"Onların təxminən 70 faizi hərbi rütbəli şəxslərdir. Həmçinin hüquq-mühafizə orqanlarının əməkdaşları, məhkəmə hakimləri, Mərkəzi Seçki Komissiyasının, Hesablama Palatasının üzvləri, deputat və s. bu kateqoriyaya aiddir", - deyə o əlavə edib.
Qeyd edək ki, martın 4-də Prezidentin müvafiq sərəncamı ilə qulluq stajına görə əlavələr alan pensiyaçılara hər ay pensiyalarının 10 faizi məbləğində maddi yardım veriləcək.