...

Dövlət proqramlarının nəticələrinin daha dəqiq hesablanması vacibdir - Soltan Məmmədov

İqtisadiyyat Materials 26 Aprel 2022 12:51 (UTC +04:00)
Dövlət proqramlarının nəticələrinin daha dəqiq hesablanması vacibdir - Soltan Məmmədov
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

“Hesablama Palatasının 2021-ci ildə fəaliyyəti haqqında” hesabatı düşünürəm ki, kifayət qədər peşəkar səviyyədə, mövcud qanunvericilik aktlarına uyğun formada tərtib edilib.

Hesabatda təqdim olunan faktlar və təhlillər əsasında bu qənatə gəlmək olar ki, Hesablama Palatası müxtəlif sahələrdə vəsaitlərin qanunauyğun xərclənməsinə, izafi xərclərin qarşısının maksimum dərəcədə alınmasına xüsusi diqqət yetirir. Təqdirəlayiq haldır ki, Palata yalnız mövcud problemləri və riskləri qiymətləndirməklə kifayətlənməyərək, dövlət maliyyəsinin səmərəli idarə edilməsinə dair təklif və tövsiyələrlə də çıxış edir.

Trend-in məlumatına görə, bunu deputat Soltan Məmmədov parlamentin bu gün keçirilən iclasında deyib.

O bildirib ki, hesabatda göstərilir ki, 6 nəzarət tədbirində ayrı-ayrı dövlət proqramları ilə Kənar Dövlət Maliyyə Nəzarəti obyekti tərəfindən həyata keçirilməli tədbirlərin icra vəziyyəti araşdırılıb.

“1 dövlət proqramının və 1 layihənin səmərəlilik auditi keçirilib, dövlət proqramlarının maliyyə tutumu ilə bağlı məlumatlar təhlil olunub. Qeyd olunub ki, 3 nəzarət tədbirində qrantların təyinatı üzrə istifadəsi audit edilib. Hesablama Palatasının dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərin tam icra olunmaması, dövlət proqramında gözlənilən nəticənin əldə olunmaması, istifadəyə verilmiş güclərin real tələbata adekvat olmaması ilə bağlı qeydləri tamamilə əsaslıdır. Mən ötən il “2020-ci il Dövlət Büdcəsinin icrası haqqında” Qanun layihəsinin müzakirəsi zamanı da Hesablama Palatasının rəyində əksini tapmış tövsiyələrin nəzərə alınmasının zərurliyini qeyd etmişdim. Dövlət proqramlarının gözlənilən nəticələri və effektivlik göstəricilərinin mümkün qədər daha dəqiq hesablanması olduqca vacibdir. Fikrimcə, dövlət proqramlarının hazırlanması zamanı bu məqamın nəzərə alınması və icra prosesinə nəzarətin gücləndirilməsi ilə bağlı çağırışlara xüsusi həssaslıqla yanaşılmalıdır. Bura dövlət proqramlarında müəyyən edilən hədəflərin illər üzrə göstərilməsi, onların icrasına dair hesabatlarda dövrilik məsələsinə xüsusi diqqət yetirilməsi də daxildir”, - deyə deputat vurğulayıb.

O qeyd edib ki, Dövlət satınalmalarının hüquqi aktlara uyğunluğu vəziyyətinin qiymətləndirilməsi ilə bağlı hesabatda göstərilən problemlər də hesab edirəm ki, çox mühüm məsələlərdən biridir.

“Hesabatda qeyd olunur ki, bir mənbədən satınalma metodunun tətbiqi zamanı ehtimal olunan qiymətlərin hesablanmaması və qiymətlərin əsaslılığı göstərilmədən yalnız icraçının təklifi əsasında müqavilə bağlanması halları müəyyən edilib. Eyni zamanda, bir mənbədən satınalma metodunun seçilməsinin zəruriliyinin tam əsaslandırılmaması kimi nöqsanlar aşkarlanıb. Hesab edirəm ki, bu sahəyə nəzarətin xüsusi olaraq gücləndirilməsinə ehtiyac var. Hətta satınalmanın bir mənbədən həyata keçirilməsi zərurəti yarandıqda belə, qiymətlərin düzgün müəyyən olunması mexanizmləri tətbiq olunmalıdır. Əks halda, bu cür nöqsanların gələcəkdə də davam etməsi qaçılmazdır.
Ümumilikdə, bir daha vurğulamaq istərdim ki, Hesablama Palatasının təqdim etdiyi hesabat kifayət qədər dolğun, ətraflı və dəqiq faktlar əsasında tərtib edilib. Hesablama Palatasının öz fəaliyyətində beynəlxalq təcrübəni tətbiq etməsi, müxtəlif beynəlxalq təşkilatlarla əlaqələrini genişləndirməsi, ötənilki fəaliyyətin nəticələri ilə cari göstəricilər arasında müqayisəli qiymətləndirilmə aparılması, palatanın idarə olunmasının təkmilləşdirilməsi istiqamətində görülən işlərin təqdirəlayiq olduğunu vurğulamaq istərdim”, - deyə S.Məmmədov vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti