...

Şərqi Azəri platformasının profilaktik işlər proqramı uğurla başa çatıb

İqtisadiyyat Materials 28 İyun 2022 16:12 (UTC +04:00)
Şərqi Azəri platformasının profilaktik işlər proqramı uğurla başa çatıb

Trend-i buradan izləyin

Bakı. Trend:

bp Azəri-Çıraq-Dərinsulu Günəşli (AÇG) yatağının işlənməsi layihəsinin əməliyyatçısı kimi məlumat verir ki, AÇG-nin illik iş proqramının bir hissəsi olaraq Şərqi Azəri platformasında planlaşdırılmış profilaktik işlər proqramı həyata keçirilmişdir.

Trend xəbər verir ki, plana əsasən, Şərqi Azəri platformasından hasilat iyun ayının 13-dən başlayaraq 15 gün müddətinə dayandırılmışdı ki, planlaşdırılmış profilaktik işlər, inspeksiya və layihə işləri effektiv şəkildə aparılsın. Proqram dünən gecə təhlükəsiz və uğurlu şəkildə başa çatmışdır.

Bu proqram çərçivəsində müxtəlif layihələr, o cümlədən məşəl alışdırma sisteminin modernləşdirilməsi, radioizotop mənbələrin dəyişdirilməsi və vacib təmir işləri həyata keçirilmişdir.

Proqramın iş həcminə həmçinin Şərqi Azəri platformasında izolyasiyalı qaz ötürücü və işəsalma modulunun quraşdırılması işləri də daxil idi. Bu işlər ACE platformasının Azəri yatağındakı digər obyektlərdən elektrik enerjisi alması ilə enerji istehsalının optimallaşdırılmasına imkan yaradacaq.

Belə proqramlar normal əməliyyatların bir hissəsidir və onlar planlaşdırılmış şəkildə müntəzəm həyata keçirilir. Bu proqramın planlaşdırılması işlərinə 2021-ci ildən başlanmışdır və proqram üzrə həyata keçirilən işlər 2022-ci ilin illik iş proqramı və büdcəsinə daxil edilmişdir. Platformanın müvəqqəti dayandırılması həmçinin bu ilin hasilat planına da daxil edilmişdir.

AÇG-nin digər platformalarından, həmçinin Şahdəniz yatağının platformalarından hasilat, Səngəçal terminalında əməliyyatlar, Bakı-Tbilisi-Ceyhan və Cənubi Qafqaz Boru Kəməri (CQBK və CQBKG) vasitəsilə ixrac əməliyyatları normal davam etmişdir.

Bu planlaşdırılmış proqramlar müntəzəm aparılan inspeksiya, profilaktik işlər və layihənin yerinə yetirilməsi fəaliyyətləri üçündür. Onlar obyektlərin uzunmüddətli təhlükəsiz, etibarlı, bütöv şəkildə, ətraf mühitə ziyan vurmadan istismarının vacib bir hissəsidir və əsasən elə profilaktik təmir və modifikasiya işlərindən ibarət olur ki, həmin işləri yalnız obyektin fəaliyyətini müvəqqəti dayandıraraq həyata keçirmək mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti