Bakı. Trend:
“Azərbaycan Sənaye Korporasiyası” ASC və onun törəmə müəssisəsi olan “Azəralüminium” MMC-nin nümayəndə heyəti biznes əlaqələrinin gücləndirilməsi, yeni investisiya imkanlarının araşdırılması və müəyyənləşdirilməsi məqsədilə Almaniyada işgüzar səfərdədir. Səfər çərçivəsində yeni alüminium zavodunun tikintisi layihəsinin icrası istiqamətində görüləcək işlərin və gələcək tədbirlərin müzakirəsi məqsədilə Almaniyanın “Achenbach” şirkətinin nümayəndə heyəti ilə işgüzar görüş keçirilmişdir. Görüş zamanı əsas müzakirə mövzusu layihə sənədlərinin hazırlanması, iş bölgüsünün müəyyənləşdirilməsi, mühəndislik şirkətlərinin cəlb olunması, işlərin icra müddətlərinin dəqiqləşdirilməsi və bu kimi digər məsələlər olmuşdur.
Eyni zamanda Korporasiyanın əməkdaşları “Achenbach” şirkətinin ən müasir avadanlıqlar və həllərlə inteqrasiya edilmiş istehsal kompleksi ilə tanış olmuş, qarşılıqlı fikir mübadiləsi aparmışdır.
Görüşün sonunda planlaşdırılan işlərin sürətləndirilməsi məqsədilə “Achenbach” şirkətinin mühəndis heyəti ölkəmizə dəvət olunmuş və yeni alüminium zavodunun tikiləcəyi əraziyə əyani şəkildə baxış keçirilməsi razılaşdırılmışdır.
Qeyd olunmalıdır ki, layihənin icrası istiqamətində gələcək işlərin planlaşdırılması və təşkilati məsələlərin həllinə dair növbəti görüşün tərəflər arasında cari ilin oktyabr ayında keçirilməsi nəzərdə tutulur.