...

Həştərxan vilayətinin nümayəndə heyəti Abşeron rayonunda səfərdə olub (FOTO)

İqtisadiyyat Materials 9 Dekabr 2022 14:50 (UTC +04:00)
Həştərxan vilayətinin nümayəndə heyəti Abşeron rayonunda səfərdə olub (FOTO)

Bakı. Trend:

Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin və onun rəhbərlik etdiyi nümayəndə heyəti 6-8 dekabr tarixlərdə Azərbaycan Respublikasında rəsmi səfərdə olmuşlar. Nümayəndə heyəti səfər çərçivəsində Abşeron rayonunda da olmuş, Abşeron Rayon İcra Hakimiyyətində görüş keçirilmişdir.

Görüşdən əvvəl nümayəndə heyəti Fəxri Xiyabanda Ümummilli lider Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad etmiş, məzarı önünə tər güllər düzmüşlər. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılmış, məzarı üzərinə tər çiçəklər qoyulmuşdur. Dünya şöhrətli müğənni, xalq artisti Müslüm Maqomayevin də xatirəsi anılaraq abidəsi önünə çiçəklər düzülmüşdür. Daha sonra iştirakçılar Bakı şəhərindəki İkinci Dünya Müharibəsində həlak olanların xatirəsinə ucaldılan “Qardaşlıq məzarlığlı” əbədi xatirə kompleksini ziyarət etmiş və xatirələrini ehtiramla yad etmişlər.

RİH-nin binasında baş tutan işgüzar görüşdə Abdin Fərzəliyev qonaqları Xırdalan şəhərində növbəti dəfə salamlamaqdan məmnunluğunu ifadə edərək Abşeron rayonu ilə Həştərxan vilayəti arasında sıx əməkdaşlığın olduğunu bildirmişdir. Abdin Fərzəliyev Abşeron rayonu haqqında ətraflı məlumat vermiş, rayonun kənd təsərrüfatı, iqtisadi və sənaye, o cümlədən turizm potensialından danışmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı siyasət nəticəsində bütün respublikada olduğu kimi Abşeron rayonunda da sənaye və kənd təsərrüfatının dinamik inkişaf etdiyi, yeni iş yerlərinin açıldığı, yaşıl enerjiyə xüsusi diqqət yetirildiyi qeyd edilmişdir.

Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edildiyini bildirən Abdin Fərzəliyev Həştərxan şəhərində də Ulu öndərin anadan olmasının 100 illiyinə həsr olunmuş bir sıra tədbirlərin keçirilməsinin nəzərdə tutulduğunu bildirmiş, Ümummilli liderin əziz xatirəsinə göstərilən ehtiram və diqqətə görə minnətdarlığını bildirmişdir.

Yüksək səviyyəli qonaqpərvərliyə görə minnətdarlığını ifadə edən qubernator İqor Babuşkin Abşeron rayonu ilə Həştərxan vilayəti arasında əlaqələrin daha da genişləndirilməsi üçün böyük potensialın olduğunu vurğulamış, iqtisadi əlaqələrin ildən ilə artdığını, onun daha da inkişaf etdirilməsi istiqamətində yeni imkanların mövcudluğunu vurğulamışdır. İqor Babuşkin həmçinin 12 dekabr – Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar Ulu Öndərin adını daşıyan parkda abidəsinin ziyarət ediləcəyi, o cümlədən Ümummilli lider Heydər Əliyev adına orta məktəbdə və Azərbaycan İş Mərkəzində anım tədbirlərinin keçiriləcəyini bildirmişdir.

Sonra Xırdalan şəhərindəki Abşeron Mədəniyyət Evində Həştərxan vilatyətinin tanınmış incəsənət nümayəndələri tərəfindən konsert verilmişdir.

Bundan əlavə Həştərxan İş Mərkəzində Həştərxan vilayətində və Abşeron rayonunda fəaliyyət göstərən kənd təsərrüfatı sahəsi üzrə sahibkarlıq subyektlərinin iştirakı ilə “Həştərxan vilayəti-Abşeron rayonu: yeni əməkdaşlıq imkanları” mövzusunda aqrosənaye konfransı keçirilmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti