...

Azərbaycan beynəlxalq standartın yerinə yetirilməsi üzrə ən yüksək reytinqə layiq görülüb

İqtisadiyyat Materials 9 Dekabr 2022 14:53 (UTC +04:00)
Azərbaycan beynəlxalq standartın yerinə yetirilməsi üzrə ən yüksək reytinqə layiq görülüb

Bakı. Trend:

Beynəlxalq səviyyədə vergidən yayınma hallarına qarşı mübarizə və vergi məsələləri üzrə beynəlxalq tərəfdaşlıq çərçivəsində ən mühüm sənədlərdən biri Azərbaycan Respublikasının tərəfdar çıxdığı “Vergi məsələləri üzrə qarşılıqlı inzibati yardım haqqında Konvensiya”dır. Ümumi Hesabatlılıq Standartı (CRS) əsasında maliyyə hesabları barədə məlumatların avtomatik mübadiləsi həmin Konvensiyanın alətlərindən biri hesab edilir.

İqtisadiyyat Nazirliyindən Trend-ə verilən məlumata görə, Azərbaycan 2013-cü ildə “Vergi məqsədləri üçün şəffaflıq və məlumat mübadiləsi üzrə Qlobal Forum”a qoşulmaqla şəffaflıq və məlumat mübadiləsi üzrə beynəlxalq standartların tətbiq edilməsi və qiymətləndirmə prosesində iştirak etməsi öhdəliyini öz üzərinə götürüb. Ölkə üzrə standartın praktiki tətbiqi ilə bağlı qiymətləndirmə 2021-ci ildə başlanılıb, lakin Qlobal Forum tərəfindən qiymətləndirmə prosesinin cari ilin sonunadək davam etdirilməsi qərara alınıb.

İspaniya Krallığının Sevilya şəhərində keçirilmiş Qlobal Forumun 15-ci Plenar İclasında qiymətləndirmə prosesinin yekunlaşdığı elan edilib və nəticələrə dair yekun rəsmi hesabat İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının internet səhifəsində dərc olunub. Görülmüş işlər nəticəsində 99 yurisdiksiya üzrə aparılmış qiymətləndirmədə Azərbaycan Respublikasında beynəlxalq standartın yerinə yetirilməsi səviyyəsi ən yüksək reytinq balı (“on track”) ilə dəyərləndirilib.

Standartın praktiki tətbiqi üzrə qiymətlədirmə maliyyə institutları ilə mütəmadi əlaqələrin qurulmasını, ölkədaxili əməletmə strategiya və siyasətinin mövcudluğunu, hesabların açılması zamanı beynəxalq müqavilələrin tələblərinə əməl edilməsini, mübadilə zamanı bütün tərəfdaş ölkələrin əhatə olunmasını və prosesin müvafiq standartlara tam uyğun aparılmasını, həmin ölkələrdən daxil olmuş rəyləri əhatə edir.

Mötəbər beynəlxalq təşkilat tərəfindən yüksək reytinqə layiq görülməsi Azərbaycanın beynəlxalq arenada məlumat mübadiləsi üzrə etibarlı tərəfdaş kimi tanınmasına töhfə verəcək, ölkəmizin beynəlxalq maliyyə bazarlarına inteqrasiyası baxımından müsbət nəticələr verəcək, investisiya qoyuluşları üzrə cəlbediciliyin artırılmasına səbəb olacaq.

Ümumi Hesabatlılıq Standartı vergitutma məqsədləri üçün müxtəlif dövlətlər tərəfindən xarici şəxslərin digər ölkələrdə yerləşən maliyyə institutlarında olan hesabları haqqında məlumatların toplanması və həmin şəxslərin rezidenti olduqları dövlətlərlə avtomatik mübadiləsinin vahid prinsiplərini tənzimləyir. Bu standartın Azərbaycanda tətbiqi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 3 may 2017-ci il tarixli 2834 nömrəli Sərəncamına əsasən, “Maliyyə hesabları barədə məlumatların avtomatik mübadiləsi haqqında səlahiyyətli orqanlar arasında Çoxtərəfli Razılaşma”ya qoşulmaq barədə bəyanat imzalanıb və hal-hazırda mübadilə üçün 116 tərəfdaş ölkəni ehtiva edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti