Bakı. Trend:
Azərbaycanda faktiki illik inflyasiya son iki ayda sabitləşsə də, hələ də ikirəqəmli səviyyədə qalır və növbəti il üçün inflyasiya mühiti ilə bağlı qeyri-müəyyənlik yüksəkdir.
Bu barədə Trend AMB-yə istinadən məlumat verir.
"Cari ilin sonuna pul bazasının ikirəqəmli səviyyədə artımı proqnozlaşdırılır. Bu şəraitdə məcmu tələbin izafi genişlənməsini məhdudlaşdırmaq üçün pul siyasətinin sərtləşdirilməsi məqsədəuyğun sayılmışdır. Maliyyə sektorunda likvidliyin idarə olunması və faiz dəhlizinin parametrlərinin qisamüddətli pul bazarında faiz dərəcələrinə təsirlərinin gücləndirilməsi məqsədilə faiz dəhlizinin eninin daraldırılması istiqamətində qərar qəbul olunmuşdur. Faiz dəhlizin parametrlərinin dəyişdirilməsi eyni zamanda milli valyutada yığımların cəlbediciliyini qorumağa xidmət edir.
Pul siyasətinin sərtləşdirilməsi tempi, səviyyəsi və bu səviyyədə qalma müddəti qarşıdakı dövrdə illik inflyasiya göstəricilərindəki dinamikadan və yenilənmiş proqnozlardan asılı olacaqdır. İllik inflyasiya göstəricilərinin və proqnozlarının azalması halında ilk olaraq pul siyasətinin sərtləşdirilməsi üzrə pauza və sonra onun azaldılması imkanları nəzərdən keçiriləcəkdir", - deyə AMB-nin məlumatında deyilir.
Noyabrda aylıq inflyasiya 1%, illik inflyasiya 15.1% təşkil etmişdir. İllik baza inflyasiya 14.7% olub.
İnflyasiyanın dinamikasını müəyyənləşdirən amillər arasında xarici mənşəli xərc amilləri üstün mövqeyini saxlayır. Son 6 ayda dünya ərzaq qiymətlərinin 14% azalması və tərəfdaşlarda orta çəkili inflyasiyanın nisbətən səngiməsi son aylar inflyasiya tempinin aşağı düşməsinə təsir edən amillərdən biri olmuşdur. Lakin bu təsir 6-9 ay zaman intervalında reallaşır.
İnflyasiya gözləntiləri sektorlar üzrə fərqli istiqamətdə dəyişir. Real sektor müəssisələri arasında aparılan monitorinqin nəticələrinə görə inflyasiya gözləntiləri noyabrda oktyabr ayı ilə müqayisədə ticarət və xidmət sahələrində artmış, qeyri-neft-qaz sənayesində demək olar ki, dəyişməz qalmış, tikintidə isə azalmışdır.
Aparılmış təhlillər göstərir ki, inflyasiya əvvəlki ayda pik həddə (15.6%) çatmış və bundan sonra onun düşmə istiqamətində hərəkət edəcəyi gözlənilir.
"2023-cü il üzrə inflyasiya proqnozunun təkrəqəmli səviyyədə olmasına baxmayaraq, inflyasiya mühiti ilə bağlı qeyri-müəyyənliklər yüksək qalır", - deyə Mərkəzi Bankın məlumatında qeyd olunur.