...

Azərbaycan dünyanın bir sıra dövlətlərinin enerji təhlükəsizliyini təmin edən ölkəyə çevrilib - ŞƏRH

İqtisadiyyat Materials 17 Dekabr 2022 17:16 (UTC +04:00)
Azərbaycan dünyanın bir sıra dövlətlərinin enerji təhlükəsizliyini təmin edən ölkəyə çevrilib - ŞƏRH
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Dekabrın 17-də Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in imzalanması Azərbaycanın növbəti uğurudur. Bu saziş Azərbaycana iqtisadi dividendlər gətirməklə yanaşı, ölkəmizin beynəlxalq aləmdə nüfuzunu daha da artıracaq.

Məsələ ilə bağlı Trend-ə açıqlama verən Milli Məclisin deputatı Sevinc Hüseynova bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev Ulu öndər Heydər Əliyev tərəfindən müstəqilliyimizin ilk illərindən möhkəm təməllər üzərində qoyulmuş enerji siyasətini uğurla davam etdirir və bu gün Azərbaycan Cənubi Qafqazın lider ölkəsi olaraq Avropanın, eləcə də dünyanın bir sıra ölkələrinin enerji təhlükəsizliyini təmin edən bir ölkəyə çevrilib.

“Bu sazişin ölkəmiz üçün əhəmiyyəti olduqca böyükdür. Həm iqtisadi, həm də siyası baxımdan Azərbaycan böyük dividendlər əldə edəcək. Cənab Prezident İlham Əliyevin Sazişin imzalanması mərasimində qeyd etdiyi kimi, bu, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə daha bir ümumi töhfəmiz olacaq. Azərbaycan Avropanın enerji təchizatı coğrafiyasını genişləndirməkdədir. Bu sənədin imzalanması, eyni zamanda, beynəlxalq aləmdə Azərbaycana olan etimadın göstəricisidir”, - deyə deputat bildirib.

O qeyd edib ki, Azərbaycan nadir ölkələrdəndir ki, həm xam neft, həm təbii qaz, neft-kimya məhsulları və elektrik enerjisi ixrac edir. “Müstəqilliyimizin ilk illərində bizim özümüzün böyük enerji sıxıntılazımız mövcud idi. Belə ki, ölkədə bir çox enerji stansiyaları yararsız vəziyyətdə idi, yeni stansiyaların tikilməsi üçün maliyyə çatışmazlığı mövcud idi. Həmin illər ölkəmiz elektrik enerjisini Rusiyadan idxal etməklə təbii qazla bağlı qıtlıq vardı, neft hasilatı da kəskin şəkildə aşağı düşmüşdü. Bu gün isə Azərbaycan dünya miqyasında enerji resurslarının inkişafına görə qabaqcıl ölkədir.

Eyni zamanda, Azərbaycan regional və beynəlxalq əhəmiyyətli enerji layihələrinin həyata keçirilməsində hər zaman maraqlı olub və təbii ki, buna da Azərbaycanın təbii imkanları şərait yaradıb”, - deyə deputat qeyd edib.

O bildirib ki, ötən əsrin sonunda Azərbaycandan Gürcüstanın Qara dənizdəki Supsa limanına gedən birinci neft boru kəmərinin açılışının baş tutması sayəsində Azərbaycan ixraca başlaya bildi və bir çox ölkələrin tələbatlarını təmin etdi: “Ölkəmiz tərəfdaşlarla birgə qaz yataqlarının, xüsusən də dünyada ən iri qaz yataqlarından biri sayılan “Şahdəniz” yatağının kəşfiyyatına başladı. 2006-cı ildə Xəzər dənizini Aralıq dənizi ilə birləşdirən Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tikintisi başa çatdı. Bakı–Tbilisi–Ceyhan və Azərbaycanın bütün digər enerjinin nəql olunması infrastrukturu hər hansı fasilə olmadan istismar edilir. 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri istismara verildi. Azərbaycan qazı ilk dəfə olaraq Türkiyənin və Gürcüstanın regional bazarlarına nəql olunmağa başladı".

S.Hüseynova vurğulayıb ki, hazırda Azərbaycanın müxtəlif istiqamətlərdə şaxələnmiş enerji marşurutları mövcuddur. Müxtəlif istiqamətə uzanan 3 neft boru kəməri və 4 qaz boru kəməri mövcuddur.

Elektrik enerjisi xətlərinə gəldikdə isə Azərbaycan 4 qonşu ölkəyə elektrik enerjisi ixrac edir və Avropaya elektrik enerjisi ixrac edilməsi planlaşdırılır. Bütün bunlarla yanaşı Azərbaycan qlobal enerji təhlükəsizliyinin qorunmasında da özünü məsuliyyətli ölkə kimi aparır. Ölkəmiz üçün elektrik enerjisi, bərpa olunan enerji, hidrogen və enerjinin səmərəliyi məsələləri də gündəmdədir. Hazırda Azərbaycan bu istiqamətdə dünyanın aparıcı enerji şirkətləri olan “ACWA Power” və “Masdar” şirkətləri ilə əməkdaşlıq edir. Biri günəş, digəri isə külək olmaqla, iki elektrik stansiyası inşa olunur ki, onların birgə istehsal gücü 470 meqavatdır. Gələn il bu iki stansiya istifadəyə veriləcəkdir və təbii ki, bu, yalnız başlanğıcdır.

Bərpa olunan enerji sahəsində Xəzər dənizinin nəhəng potensialı var və Xəzər dənizinin Azərbaycan sektorunun potensialı 150 min meqavat təşkil edir. Bundan əlavə, İkinci Qarabağ müharibəsi nəticəsində işğaldan azad olunan ərazilərin, xüsusilə də Kəlbəcər və Laçının potensialı mütəxəssislər tərəfindən yüksək qiymətləndirilir. Burada, ilk növbədə, külək və günəş enerjisi nəzərdə tutulur. Qarabağda 10-dan çox su elektrik stansiyasının yaradılması nəzərdə tutulur.

"Azərbaycan digər ölkələr üçün vacib tranzit imkanlarını təqdim edir və bu potensialdan da maksimum dərəcədə istifadə oluna bilər. Eyni zamanda, Azərbaycan zəruri infrastruktura malikdir”, - deyə deputat əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti