Bakı. Trend:
Yunanıstan-Bolqarıstan interkonnektorunun (IGB) enerji yüklənməsinin 2023-2024-cü illərdə 90 faizdən yuxarı həddə olacağı gözlənilir.
Bu barədə ICGB boru kəməri operatorunun icraedici direktoru Teodora Georgiyeva Trend-ə müsahibəsində deyib.
"2023-cü ildə ICGB etibarlı operator olaraq artıq imzalanmış uzunmüddətli müqavilələr üzrə qaz nəqli ilə bağlı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirəcək", - o deyib.
Georgiyeva həmçinin, Ukraynada davam edən müharibəni, həmçinin Avropa ölkələrinin müharibənin nəticələrini aradan qaldırmaq üçün gördükləri tədbirləri nəzərə alaraq Avropadakı təbii qaz bazarının hazırda dinamik olduğunu qeyd edib.
"İstismara verilməsinin 3-cü ayında qaz kəmərinin ötürücülük qabiliyyəti 90 faizdən artıq yükləndi. Biz bu tendensiyanın 2023-cü ildə və ola bilsin ki, 2024-cü il də davam edəcəyini təxmin edirik. Lakin bu son nəticədə regionda təbii qaza olan tələbə əsasən müəyyən olunacaq", - icraedici direktor açıqlayıb.
Qeyd edək ki, Yunanıstan-Bolqarıstan interkonnektorunun 2022-ci il oktyabrın 1-dən etibarən kommersiya məqsədilə tədarükə başlayıb.
Cari isitmə mövsümü başlayandan interkonnektor Bolqarıstanı qışda istehlak olunan təbii qazın təqribən 1/3-i ilə təmin edir. IGB Bolqarıstana təbii qaz tədarükünün diversifikasiyalaşdırılması üçün ilk marşrutu olmaqla tədarükün daha yüksək keyfiyyətinə zəmanət verir və təbii qaz bazarında rəqabətə mühüm töhfə verir ki, bu da ölkədə müəssisələr və məişət istehlakçıları üçün qiymətlərin optimallaşdırılmasının ilkin şərtidir.
Layihənin əsasını Azərbaycanla müqavilə üzrə ildə 1 milyard kubmetr tədarük təşkil etsə də, IGB digər yükgöndərənlər tərəfindən də ayrılmış uzunmüddətli enerjiyə malikdir. Bunların əksəriyyəti Bolqarıstan bazarı üçün tamamilə yenidir.
Yunanıstan-Bolqarıstan interkonnektoru 2024-cü ildə bir neçə qaz mənbəyinə çıxış əldə edəcək.
Tvitter: @Lyaman_Zeyn