Bakı. Trend:
2022-ci ildə Azərbaycanda istehlakçı hüquqlarının müdafiəsi və istehlak bazarına nəzarət sahəsində Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə daxil olan 5570 müraciətə baxılıb, bunlardan 2260 müraciət təmin olunub.
Trend-in məlumatına görə, bu barədə bu gün İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli 2022-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.
Abbasbəyli 2021-ci illə müqayisədə müraciətlərin sayının 7,6%, təmin olunmuş müraciətlərin isə 30,7% artdığını qeyd edib.
"Nəticədə pozulmalara yol vermiş sahibkarlıq subyektləri tərəfindən istehlakçılara 318 min manat qaytarılıb, 20 min manatadək zərərin əvəzi ödənilib. Vətəndaşlar tərəfindən daxil olan müraciətlərin araşdırılması zamanı təqdim olunan sübutlar əsasında 12 hüquqi və 3 fiziki şəxsə qarşı inzibati hüquq pozuntusuna dair protokollar tərtib olunub", - o deyib.
Abbasbəyli həmçinin baxılan müraciətlərin 54 faizinin (2977 müraciət) mallarla, 39 faizinin (2187 müraciət) isə xidmətlərlə əlaqəli olduğunu, yeddi faizinin (406 müraciət) isə digər istiqamətlərdə olduğunu əlavə edib.
Xatırladaq ki, 2022-ci ildə Azərbaycanda antinhisar məsələləri və haqsız rəqabət halları üzrə qaldırılan işlərin sayı 2021-ci illə müqayisədə üç dəfə, bağlanmış işlərin sayı isə 2,2 dəfə artıb. 2022-ci ildə bütünlükdə 48 işə baxılıb ki, 2021-i ildə bu göstərici 22, 2020-ci ildə isə 6 olub. 2022-ci ildə qaldırılan işlərin sayı 60, 2021-ci ildə 20, 2020-ci ildə isə 9 olub.