...

İtaliya Cənub Qaz Dəhlizinə görə Azərbaycana minnətdardır - Prezident İlham Əliyevin enerji strategiyası Avropanı necə xilas etdi

İqtisadiyyat Materials 17 Fevral 2023 15:40 (UTC +04:00)
İtaliya Cənub Qaz Dəhlizinə görə Azərbaycana minnətdardır - Prezident İlham Əliyevin enerji strategiyası Avropanı necə xilas etdi
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın uzunmüddətli enerji strategiyası Avropa bazarını böhran şəraitində tədarüklərin diversifikasiyasında ciddi maneələrlə qarşılaşdığı bir vaxtda qazla təmin etməklə artıq özünü müvəffəqiyyətlə təsdiqləyib. Məhz bu zaman Azərbaycan Avropa İttifaqına (Aİ) tədarüklərin 2027-ci ilədək 10 milyard kubmetrdən 20 milyard kubmetrədək ikiqat artırılması haqqında Memorandum imzalamaqla Avropanın köməyinə çatdı.

2022-ci ildə Aİ-yə nəql olunan Azərbaycan qazı artıq 11 milyard kubmetrdən çox idi. Ötən il nəql edilən Azərbaycan qazının ümumi həcmi 22,6 milyard kubmetr təşkil edib. Bu il isə Azərbaycan qaz nəqlini 24 milyard kubmetrdən çox artırmağı planlaşdırır.

Enerji təhlükəsizliyi məsələləri Azərbaycan-İtaliya münasibətlərində mühüm rol oynayır. Potensial olaraq 20 milyard kubmetrdən çox qaz nəqli üçün nəzərdə tutulmuş və Cənub Qaz Dəhliznin (CQD) Avropa hissəsini təşkil edən Trans-Adriatik Boru Kəməri (TAP) İtaliyanın qaza tələbatının 10 faizdən çoxunu (təqribən 10 milyard kubmetr) qarşılamaqla artıq bu ölkənin enerji təhlükəsizliyini təmin edir. Hidrogen nəqli üçün TAP-dan istifadə potensialı iki ölkə arasındakı enerji əməkdaşlığını daha da gücləndirə bilər.

İtaliyanın Ansaldo Energia şirkəti ilə birgə inşa olunacaq 1280 MVt gücündə İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimində Prezident İlham Əliyev TAP layihəsinin Azərbaycan və İtaliyanın birgə uğuru olduğunu qeyd edib.

"Azərbaycan neftinin böyük hissəsi İtaliya bazarına çatdırılır və iki ildən artıqdır ki, Azərbaycan qazı İtaliya bazarına çatdırılır. TAP layihəsi bizim birgə uğurumuzdur. Cənub Qaz Dəhlizinin başlanğıcı Azərbaycanın Xəzər dənizindəki sektorudursa, bunun son məntəqəsi İtaliyadır və yol boyunca bir neçə ölkə Azərbaycan qazından faydalanır. O cümlədən, Avropanın yeni ehtiyaclarını nəzərə alaraq və keçən il Avropa Komissiyası ilə Azərbaycan arasında imzalanmış sənədə əsasən, biz Avropa məkanına təbii qazın həcminin artırılmasını təmin edəcəyik. Əlbəttə ki, burada TAP layihəsinin iki dəfəyədək genişləndirilməsi məsələsi gündəlikdədir. Bu məsələ artıq bir müddətdir ki, müzakirə edilir, o cümlədən, bu ayın əvvəlində Bakıda keçirilmiş Cənub Qaz Dəhlizinin Məşvərət Şurasında geniş müzakirə edilmişdir", - Prezident İlham Əliyev deyib.

İtaliyanın Sapienza universitetinin tədqiqatçısı olan Daniel Pomye Vinçellinin dediyinə görə, TAP-ın ötürücülük imkanlarının genişləndirilməsi İtaliya hökumətinin əsas hədəflərindən biridir.

"Azərbaycanla enerji əməkdaşlığına gəlincə, İtaliya bunu əsas hədəflərindən biri olaraq görür. Ölkə Rusiya qazından sərbəst olmağa çalışdığından, qaz tədarük edən ölkələrlə ikitərəfli sazişlər bağlayır. Bu gün Azərbaycan idxal etdiyimiz ümumi qaz həcminin təqribən 15 faizini qarşılayır. TAP və CQD kimi layihələrə görə çox minnətdarıq" - o deyib.

Vinçellinin sözlərinə görə, siyasət dünyası ilə bağlı İtaliya Respublikasının şirkətlər və “Made in Italy” naziri Adolfo Ursonun və müdafiə naziri Quido Krosettonun səfəri mühüm əhəmiyyət kəsb edir.

"Onların hər ikisi İtaliya siyasətində nüfuzlu şəxslərdir. Krosetto İtaliyanın ən böyük partiyası olan "İtaliya Qardaşları" partiyasının banisidir və İtaliyanın baş naziri Corciya Meloninin mentorudur. Urso otuz ilə yaxın parlamentin üzvü kimi fəaliyyət göstərib, böyük nazir təcrübəsinə malikdir və yeni hökumətin əsas iqtisadi beyinlərindən biri hesab olunur. Onlar Azərbaycana təkcə tutduqları rəsmi vəzifələrə görə deyil, həm də İtaliya siyasətindəki rolları ilə əlaqədar səfər edən ilk şəxslər idi",- o aydınlıq gətirib.

Ekspertin sözlərinə görə, Azərbaycan bütünlükdə regionun siyasi və iqtisadi liderinə çevrilməkdədir və onun bərpa olunan enerji mənbələri sahəsindəki strategiyası bu uğurun bir hissəsidir.

"Azərbaycan sahilyanı ölkədir və bu potensialdan müxtəlif formalarda yararlanmaq olar. İtaliya və Azərbaycan bu baxımdan oxşardırlar. Söhbət bərpa olunan enerji mənbələrinin istifadəsindən gedəndə hər iki ölkənin ümumi hədəfi var. Hazırda İtaliyada enerji istehlakının təqribən 20 faizi bərpa olunan mənbələrdən alınan enerjinin payına düşür və ölkə Azərbaycan kimi 2030-cu ilədək 30 faiz hədəf göstəricisinə nail olmağa çalışır. Beləliklə, İtaliya özünün texniki təcrübəsi ilə Azərbaycanın öz hədəflərinə çataraq Avropanın ən böyük bərpa olunan enerji tədarükçüsünə çevrilməsi üçün maksimum yardım edə bilər", - Vinçelli əlavə edib.

Vinçellinin bildirdiyinə görə, Avropa ilə əməkdaşlığın gücləndirilməsi sayəsində Azərbaycanın Cənubi Qafqazda və bütünlükdə regionda rolu yaxın gələcəkdə ancaq artacaq.

Azərbaycan bu əməkdaşlığın daha da genişləndirilməsi üçün potensiala malik olmaqla, öz tərəfdaşları üçün etibarlı tədarükçü olaraq qalır. Prezident İlham Əliyevin Aİ-nin enerji təhlükəsizliyinə, dekarbonizasiya üzrə hədəflərin əldə edilməsinə, habelə Avropa ölkləri ilə əməkdaşlığın möhkəmlənməsinə yönəlmiş yeni enerji strategiyası nəticəsində Azərbaycan öz tərəfdaşları tərəfindən yüksək qiymətləndirilir. Bu gün onlar hamısı enerji infrastrukturunun inkişafına öz töhfəsini verməyə çalışırlar. Bu infrastrukturun yaradılması təşəbbüsü də məhz uzaqgörən siyasi lider İlham Əliyev tərəfindən irəli sürülmüşdü.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti