...

Güclü leysan və qasırğa nəticəsində sığortalı fermerlərə dəymiş zərər ödəniləcək? - AÇIQLAMA

İqtisadiyyat Materials 1 İyun 2023 15:45 (UTC +04:00)
Güclü leysan və qasırğa nəticəsində sığortalı fermerlərə dəymiş zərər ödəniləcək? - AÇIQLAMA
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Sığortalı fermerləri öz sahələrinə baxış keçirərək hadisə ilə bağlı vaxtında məlumat verməyə çağırırıq.

Bu barədə Trend-ə Aqrar Sığorta Fondundan məlumat verilib.

Mayın 31-də respublikanın müxtəlif bölgələrində güclü küləklə müşayiət olunan leysan yağışları, qasırğa nəticəsində kənd təsərrüfatı sahələrinə də ciddi ziyan dəyib.

Aqrar Sığorta Fondundan verilən məlumata görə, ötən gün baş verən hadisələrlə bağlı 1651 çağrı mərkəzinə müraciətlər hələ də daxil olmaqdadır. Göyçay rayonunda güclü külək, fırtına xurma, alça bağlarına ziyan vurub. Yağan intensiz yağışlar Şəmkir rayonu ərazisində arpa sahələrində subasmaya səbəb olub. Güclü külək və yağış İsmayıllı rayonunda da ciddi fəsadlar törədib.

İnfrastrukturla yanaşı taxıl və bostan sahələrinə, meyvə bağlarına zərər dəyib. Güclü küləyin Ağcabədi rayonunda alça bağlarına ziyan vurduğu barədə müraciət daxil olub. Cəlilabadda, Xocavənddə arpa, buğda sahələrinə dolu düşməsi, leysan yağması nətisənidə zərər dəyib. Bölgələrdə hazırda fəsadla­rın aradan qaldırılması və dəymiş zərərin müəyyən edilməsi istiqamətində işlər görülür.

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın günlər ərzində ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, yağıntılı olacağı, yağıntıların bir sıra ərazilərdə intensiv olacağı, çaylarda sululuğun artacağı və bəzi çaylardan qısamüddətli sel və daşqın keçəcəyi, şimşək çaxacağı və güclü külək əsəcəyi gözlənilir.

Aqrar Sığorta Fondu sığortalı fermerləri öz sahələrinə baxış keçirərək hadisə ilə bağlı vaxtında məlumat verməyə çağırır. Belə ki, fermerlərlə imzalanmış aqrar sığorta müqaviləsinə əsasən, təsərrüfatını sığortalatmış şəxs baş vermiş sığorta hadisələri barədə 10 gün ərzində 1651 çağrı mərkəzinə, eyni zamanda məlumatlandırılmalı olan digər aidiyyəti dövlət qurumlarına müraciət etməlidir. Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov bildirib ki, hadisələrlə bağlı müstəqil aqrar sığorta ekspertləri bölgələrə ezam olunublar. Hazırda dəymiş zərərin ilkin qiymətləndirilməsi prosesi davam edir. Biçindən öncə aparılacaq yekun qiymətləndirmədən sonra fermerlərə dəymiş zərərlər ödəniləcəkdir. Qeyd edək ki, son vaxtlar respublika ərazisində havaların qeyri-sabit keçməsi nəticəsində kənd təsərrüfatı sahələrinə dəymiş zərərlə bağlı müraciətlərin sayı artıb.

İlin əvvəlindən 1651 çağrı mərkəzinə 700-ə yaxın müraciət daxil olub ki, bunun da 337-si may ayında qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti