Bakı. Trend:
Cari ilin əvvəlinə olan ehtiyatlar da nəzərə alınmaqla 2023-cü ilin yanvar-iyun aylarında ölkədə əmtəəlik təbii qaz istehsalının həcmi 18177,8 milyon kub metr təşkil edib.
Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, təbii qaz üzrə ehtiyatların 29,9 faizi ölkə daxilində istehlak edilmiş, 56,5 faizi ixrac olunmuş, 1,5 faizi itkiyə getmiş, 12,1 faizi isə iyul ayının əvvəlinə ehtiyat kimi qalıb.
Ölkə daxilində istehlak edilmiş təbii qazın 59,6 faizi istehsal ehtiyaclarına sərf edilmiş, 40,4 faizi isə əhaliyə satılıb.
2023-cü ilin yanvar-iyun aylarında 11800,0 milyon kub metr və ya 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 4,0 faiz çox təbii qaz ixrac edilib.
Əhali tərəfindən 2527,7 milyon kub metr və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,1 faiz çox təbii qaz istehlak edilib, onun 38,6 faizi Bakı şəhərinin, 2,8 faizi Naxçıvan Muxtar Respublikasının, 11,3 faizi Abşeron-Xızı, 6,1 faizi Gəncə-Daşkəsən, 5,9 faizi Lənkəran-Astara, 5,8 faizi Qazax-Tovuz, 5,7 faizi Mərkəzi Aran, 5,0 faizi Quba-Xaçmaz, 4,9 faizi Şəki-Zaqatala, 4,5 faizi Qarabağ, 3,6 faizi Mil-Muğan, 3,4 faizi Şirvan-Salyan, 2,4 faizi isə Dağlıq Şirvan iqtisadi rayonlarının payına düşüb.