...

Azərbaycanla yeni tərəfdaşlıq proqramı uğurlu əməkdaşlığa yol açacaq - FAO nümayəndəsi (MÜSAHİBƏ)

İqtisadiyyat Materials 5 Sentyabr 2023 12:06 (UTC +04:00)
Azərbaycanla yeni tərəfdaşlıq proqramı uğurlu əməkdaşlığa yol açacaq - FAO nümayəndəsi (MÜSAHİBƏ)
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycanda tərəfdaşlıq proqramının yeni mərhələsinin hazırlığının yekunlaşma prosesindəyik.

Bu barədə Trend-ə özəl müsahibiəsində FAO-nun Azərbaycandakı nümayəndəsi Muhammad Nasar Hayat deyib.

"FAO-Azərbaycan münasibətləri 90-cı illərin əvvəlində qurulub və 2015-ci ildən bizim Azərbaycanda ofisimiz var. Tərəfdaşlıq strategiyası yaranandan və imzalanandan əməkdaşlığımız çox uğurla inkişaf edir. Biz Azərbaycanda kənd təsərrüfatı, ekologiya və ətraf mühitin mühafizəsi nazirlikləri ilə və digər maraqlı tərəflərlə çox sıx əməkdaşlıq edirik. Hazırda razılaşmanın birinci mərhələsi başa çatıb. Növbəti mərhələnin hazırlığının yekunlaşma prosesindəyik və bu ölkədə kənd təsərrüfatı sektoru üçün perspektivlər, həqiqətən, irimiqyaslıdır", - o deyib.

FAO nümayəndəsinin sözlərinə görə, hələ görüləsi çox iş var və kənd təsərrüfatında bir sıra təkmilləşmələr, texnologiyalar, yeni praktikalarla təkcə kənd əhalisi üçün deyil, bütünlükdə ölkə üçün böyük fayda əldə edilə bilər.

O, həmçinin, FAO-nun Qarabağda kənd təsərrüfatının inkişafını dəstəkləməyə hazır olduğunu qeyd edib.

"Bizim dünyanın digər ölkələrində kənd təsərrüfatının inkişafı və postmünaqişə zonalarında bərpa üzrə böyük təcrübəmiz var. Bu bölgələr çox çətin zamanlardan keçir və bu bölgələrdə kənd təsərrüfatının bərpası çox vacibdir", - o deyib.

Onun sözlərinə görə, bu kontekstdə FAO artıq torpaq islahatları, torpaq bölgüsü, torpaqdan istifadənin planlaşdırılması üzrə Azərbaycan hökumətinin təşəbbüsünü dəstəkləyir. Bundan başqa, kənd təsərrüfatı istehsalının bərpasında fermerlərin özlərinə yardım göstərilə bilər.

"Bu rayonlardan bəzisi hələ də yerüstü minalardan və partlayıcı maddələrdən təmizlənməyib. Beləliklə, bu da həll edilməli daha bir problemdir. Bundan başqa, biz aydınlaşdırmalıyıq ki, hansı kənd təsərrüfatı modeli bu rayonlar üçün ən yaxşısıdır. Hansı metodun daha yaxşı olduğuna qərar verməzdən əvvəl iqlim, suyun əlçatanlığı kimi amilləri və bir çox məsələləri nəzərə almaq lazımdır", - deyə FAO nümayəndəsi aydınlıq gətirib.

O əlavə edib ki, gələcəkdə FAO hökumətə nəzərdə tutulan strategiyanın icrasında dəstək göstərmək üçün zəruri olan texniki səriştə, potensialın yetişdirilməsi üzrə təcrübə və istənilən yardımı təmin edə bilər.

Muhammad Nasar Hayat qeyd edib ki, FAO Azərbaycana ərzaq məhsullarını bütün dünyaya ixrac etməkdə dəstək göstərir.

"Azərbaycan xüsusən buğda və ət olmaqla xeyli ərzaq idxal edir. Qiymətlər qalxarsa, bu, həmin malların əlçatanlığına və istehlakına təsir göstərə bilər. Azərbaycan resurslarla zəngin ölkədir, onun öz əhalisini təmin etmək üçün kifayət qədər resursu var. Lakin yenə də qida balansı, yəni istehsal və istehlak etdiyimiz arasındakı nisbət yaxşılaşmalıdır. İdxaldan daha az asılı olmalıyıq", - o deyib.

FAO nümayəndəsinin sözlərinə görə, Azərbaycanda dünyanın digər ölkələrinə ixrac edilə biləcək əsl keyfiyyətli qida məhsulları var.

"Misal üçün, Azərbaycanda meyvələr çox yüksək keyfiyyətdədir və bütünlükdə təbii üsulla yetişdirilir. Bütün bunlar kənd təsərrüfatı ilə məşğul olan fermerlərin daha çox qazanması məqsədilə ixrac edilməli spesifik Azərbaycan məhsulları üçün bazar yaradır", - Nasar Hayat deyib.

O əlavə edib ki, FAO Azərbaycan hökumətini qida məhsullarının təhlükəsizliyi, qida standartları, bu sahədə istehsal gücünün artırılması, qablaşdırma, markalama məsələlərində, beynəlxalq bazara çıxış üçün lazım olan bütün məsələlər üzrə dəstəkləyir.

Bununla belə, Muhammad Nasar Hayat haqlı olaraq qeyd edib ki, kənd təsərrüfatı istehsalı üçün ikinci dərəcəli əhəmiyyət daşıyan amil sudur.

"Kənd təsərrüfatı su çatışmazlığı probleminin həllində çox unikal yer tutur. Çünki bir tərəfdən kənd təsərrüfatı su resurslarının böyük hissəsindən istifadə edir, digər tərəfdən, suyun müəyyən formada çirklənməsinə və israfına səbəb olur. Beləliklə, bu kontekstdə kənd təsərrüfatı istehsalının konkret sistemi üçün nəyin ən uyğun olduğuna baxmalıyıq. Burada, Azərbaycanda biz su resurslarından istifadənin effektivliyini artırmalıyıq. Həmçinin, görürəm ki, Azərbaycan hökuməti bir sıra səmərəli addımlar atıb. İstər çiləyicilərlə, istərsə də damcılı suvarma metodundan istifadə olsun, yüksək keyfiyyətli suvarma sistemləri üçün subsidiyalar mövcuddur. Bu müasir texnologiyaların tətbiqi üçün subsidiyalar nəzərdə tutulub. Bu subsidiyaların əhatə dairəsini genişləndirməliyik", - o deyib.

"FAO-nun Azərbaycanda üzərində çalışdığı daha bir sahə torpağın vəziyyətinin yaxşılaşdırılmasıdır. Torpaqlar ciddi şəkildə deqradasiya olunub. Torpağın bərpası onun daha səmərəli olmasına səbəb olacaq ki, bu da özündə istehsal sistemlərini, hansı gübrələrdən istifadə etdiyimizi, hansı kulturaları becərdiyimizi əhatə edir", - deyə FAO nümayəndəsi qeyd edib.

Onun sözlərinə görə, meşələr qorunub saxlanmalı daha bir təbii resursdur. Həmçinin, suya qənaət, su yığımı, xüsusən, suyu necə yığmaq və daha səmərəli istifadə etmək də buraya daxildir. Pestisidlərdən istifadə də diqqət yetirilməli daha bir məsələdir. Bu, xüsusən onların ətraf mühitə zərər yetirmədiyindən əmin olmaq üçün lazımdır.

"Şübhəsiz, ərzaq sistemləri istehsalla yanaşı, bir çox digər məsələləri də əhatə edir. FAO-nun yanaşması istehsal öncəsi tədbirləri ehtiva edən bütün ərzaq sistemlərini əhatə edir. Toxumların və torpağın hazırlanması, konservləşdirmə, əkmə, məhsul yığımı, yığım sonrası çeşidləmə, qida tullantılarına qənaət, markalama, daşıma, marketinq, qidanın hazırlanması - bütün bunlar əhatə etməli olduğumuz sahələrdir.

Beləliklə, hazırkı kənd təsərrüfatı modelində gördüyüm gələcək daha dayanıqlı və gəlirli kənd təsərrüfatı sektoruna transformasiyadır ki, bu da sonra milli iqtisadiyyata, ölkənin ümumdaxili məhsuluna töhfə verə, həmçinin, sağlam və doyurucu qidanın əhali üçün istənilən vaxt əlçatan olmasını təmin edə bilər. Bu, həm bizim hədəfimiz, həm də Azərbaycan hökumətinin bəyan etdiyi açıqlamadır və biz burada ölkəni bu prosesdə dəstəkləmək üçün varıq", - Muhammad Nasar Hayat son olaraq deyib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti