Bakı. Trend:
Türk Dövlətləri Təşkilatının (TDT) kənd təsərrüfatı nazirlərinin 2-ci iclasında təşkilata üzv dövlətlərlə aqrar sahədə əməkdaşlığın cari vəziyyəti, eləcə də, gələcək əməkdaşlığın perspektivləri ətraflı müzakirə olunub.
Trend xəbər verir ki, bu barədə Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov mətbuat konfransında deyib.
"Təşkilata üzv dövlətlərlə kənd təsərrüfatı sahəsində ikitərəfli və çoxtərəfli müstəvilərdə sıx əməkdaşlıq edirik. Kənd təsərrüfatı və ərzaq üzrə əmtəə dövriyyəsinin artması, qarşılıqlı investisiyaların təşviqi, aqrar sahədə müasir texnologiyaların ötürülməsi, qabaqcıl təcrübə mübadiləsi, torpaq və su resurslarının səmərəli idarə olunması, kənd təsərrüfatında sığorta sisteminin təşviqi və digər istiqamətlər TDT-nin üzv dövlətləri arasında gələcək əməkdaşlığın əsas istiqamətləri olaraq müəyyən edilib", - deyə o qeyd edib.
Qeyd edək ki, Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) Kənd Təsərrüfatı Nazirlərinin II Toplantısı keçirilib. Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov və TDT Baş katbi Kubanıçbek Ömüralıyevin sədrlik etdiyi toplantıya quruma üzv olan və müşahidəçi qismində dəvət edilən ölkələrin kənd təsərrüfatı nazirləri və nazir müavinləri qatılıblar.