...

Dünya Bankı Qrupu Azərbaycana dair İqlim və İnkişaf Hesabatını açıqladı

İqtisadiyyat Materials 29 Noyabr 2023 09:35 (UTC +04:00)
Dünya Bankı Qrupu Azərbaycana dair İqlim və İnkişaf Hesabatını açıqladı
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Aşağı karbon tutumlu iqtisadiyyata keçid və dayanıqlılıqla bağlı investisiyalar, siyasi islahatlar Azərbaycanın iqtisadi maraqlarına uyğundur.

Trend xəbər verir ki, bu, Dünya Bankı Qrupunun açıqladığı Azərbaycana dair İqlim və İnkişaf Hesabatında (CCDR) bildirilir.

Sənəddə deyilir ki, iqlimlə bağlı operativ tədbirlər Azərbaycana aşağı karbon yüklü iqtisadiyyata qlobal keçidlə bağlı yaranan riskləri minimuma endirməyə və Azərbaycan xalqının həyat səviyyəsini qorumağa kömək edə bilər.

"Ölkə iqtisadiyyatı ümumi daxili məhsulun (ÜDM) 1/3-ni və ixracın 90 %-ni təşkil edən neft-qaz sektorundan əhəmiyyətli dərəcədə asılıdır. Neft ehtiyatlarının azaldığı və daha 25 il kifayət edəcəyinin gözlənildiyi bir şəraitdə kompleks və effektiv dekarbonizasiya səyləri iqtisadiyyatı şaxələndirməyə və yaşıl hidrogen və kənd təsərrüfatı kimi yeni artım drayverlərinə rəvac verəcək. Azərbaycan həmçinin iqlim dəyişikliyi ilə əlaqədar ciddi fiziki risklərlə üzləşir. Demək olar ki, bütün ölkə ərazisi həm quraqlığa, həm də su qıtlığına məruz qalır və ekstremal hava şəraiti səbəbindən onların tezliyinin və intensivliyinin artacağı gözlənilir. Eyni zamanda, ölkənin təbii sərvətləri torpağın deqradasiyası, səhralaşma və ifrat otarılma nəticəsində zədələnir və bu, kənd təsərrüfatına mənfi təsir göstərir. Eyni amanda, neft-qaz hasilatı da torpağın deqradasiyasına və su ehtiyatlarının çirklənməsinə təsir göstərib", - deyə hesabatda qeyd olunub.

“Qlobal dekarbonizasiya səylərinin tempindən asılı olmayaraq, dekarbonizasiyaya investisiyaların sürətləndirilməsi Azərbaycanın marağındadır. Bu səylər həm də iqtisadiyyatın şaxələndirilməsini nəzərdə tutan milli məqsədlərə uyğundur. CCDR-də ölkəyə hədəflərin müəyyən edilməsindən Azərbaycan iqtisadiyyatını və ölkə əhalisini iqlim dəyişikliyinin mənfi təsirlərindən qoruya biləcək tədbirlərin həyata keçirilməsinə keçid üçün praktiki yol təqdim olunur”, - deyə Dünya Bankının Cənubi Qafqaz üzrə direktoru Rolande Pryce bildirib.

"Azərbaycan iqlim dəyişikliyi üzrə Paris Sazişini imzalasa da, hələ ki, ölkə üzrə emissiyaların xalis sıfır səviyyəsinə çatdırılması ilə bağlı üzərinə hər hansı öhdəlik götürməyib. Bununla belə, ölkə 2030-cu ilə qədər istixana qazı emissiyalarını 1990-cı il səviyyəsindən 35 %, 2050-ci ilə qədər isə 40 % azaltmaqla bağlı milli hədəflər müəyyənləşdirib. Dekarbonizasiya üzrə öhdəliklərini gücləndirməsinə baxmayaraq, Azərbaycan hələ də öz milli hədəflərinə çatmaq trayektoriyasına qədəm qoymayıb. Milli iqtisadiyyatın strukturunu nəzərə alsaq, Azərbaycanda dekarbonizasiya ilə bağlı çağırışlar əhəmiyyətli miqyasdadır. Energetika və su təchizatı da daxil olmaqla yaşıl keçid üçün vacib olan sektorlarda dövlət müəssisələri üstünlük təşkil edir və onlar ölkənin işçi qüvvəsinin yarısına malikdirlər. Dekarbonizasiya üzrə dəqiq kursun müəyyənləşdirilməsi və həyata keçirilməsi üçün iqtisadi diversifikasiya və daha dinamik özəl sektor tələb olunur", - deyə sənəddə bildirilir.

Hesabatda qeyd olunan dekarbonizasiya və dayanıqlılıq tədbirləri üçün qlobal iqtisadiyyatın “xalis sıfır” emissiyalara keçid alacağı gözlənilən 2060-cı ilə qədər təxminən 44 milyard ABŞ dolları və yaxud ÜDM-in təxminən 3,2%-i qədər böyük investisiyalar tələb olunacaq. Bu xərclərin əhəmiyyətli bir hissəsi kommersiya və özəl sektorun maliyyələşdirilməsi hesabına təmin olunmalıdır.

“Aşağı karbon emissiyalı iqtisadiyyata keçidi təmin etmək üçün Azərbaycana öz iqtisadiyyatını faydalı qazıntı yanacaqlarından uzaqlaşmaq və özəl kapitaldan və “nou-haudan” istifadə etmək əlverişli olacaq, lakin bunun üçün vaxt vacib amildir. Bu hesabatda qeyd olunan imkanlardan istifadə ölkəyə gələcək yönümlü iqtisadiyyat qurmaqda və əhalini iqlim dəyişikliyindən qorumaqda kömək edəcək”, deyə Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) Cənubi Qafqaz üzrə regional meneceri Ivana Fernandes Duarte bildirib.

Hökumətin 2022-2026-cı illəri əhatə edən sosial-iqtisadi inkişaf strategiyasında yer almış tədbir kimi faydalı qazıntı yanacağına tətbiq olunan subsidiyaların tədricən, lakin davamlı şəkildə dayandırılması, xüsusilə də əhalinin ən yoxsul qruplarını qorumaq üçün ünvanlı sosial müdafiə tədbirləri ilə müşayiət olunarsa, sözü gedən keçidə nail olmaq baxımından əsas amillərdən biri olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti