Bakı. Trend:
Ötən il Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti 6850 hektar meşə fondu sahələrində meşəbərpa tədbirləri həyata keçirib.
Trend xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bildirilib ki, bu, əvvəlki illə müqayisədə 19,6 faiz azdır.
Məlumata görə, həmçinin, 622,1 hektar sahədə meşə əkinləri, 415,9 hektar sahədə isə meşə səpinləri işləri aparılıb. 4 hektar sahədə meşə-bağları, 8 hektar sahədə tez böyüyən ağac cinslərindən ibarət sənaye əhəmiyyətli plantasiyalar salınıb və 5800 hektar sahədə təbii bərpaya kömək işləri görülüb.
Ümumilikdə, xidmət göstərilmiş meşə əkinlərinin, səpinlərinin və meşə-bağlarının sahəsi 18296,5 hektar təşkil edib.
Məlumatda qeyd edilib ki, 2023-cü ildə toxmacar və cavan bitki şitilləri yetişdirmək məqsədilə 16,2 hektar sahəyə toxumlar səpilib, çilik kökləndirməsi məqsədilə 0,4 hektar sahəyə 31,2 min ədəd çilik basdırılıb.
Ötən ildə meşə fondu sahələrindən 100 ton və ya əvvəlki illə müqayisədə 14,2 faiz çox meyvə, meşə-ağac və kol cinslərinin toxumları tədarük edilib. Bunların da 97,7 tonu meşə-ağac və kol cinsləri toxumlarının, 2,3 tonu isə meyvə ağacları toxumlarının payına düşüb.