Bakı. Trend:
Zəngəzur dəhlizi Orta Dəhlizin buraxılış qabiliyyətini ildə 8-10 milyon tona qədər genişləndirməyə imkan verəcək.
Trend xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov bu gün Dünya Bankı tərəfindən Tbilisidə Orta Dəhliz üzrə tədqiqatın təqdimatında deyib.
"Azərbaycanın işğaldan azad olunmuş ərazilərində irimiqyaslı infrastruktur layihələrinin reallaşdırılması davam edir. Tarixi kommunikasiyaların bərpası üçün Qarabağda avtomobil və dəmir yollarına investisiyaların yatırılması kommunikasiya xətlərinin qurulmasını nəzərdə tutan prioritetdir. Bununla əlaqədar olaraq, Zəngəzur dəhlizi layihəsi nəqliyyat-logistika sektorunun inkişafı üçün böyük imkanlar yaradacaq və Orta Dəhlizin bir hissəsinə çevriləcək.
Bu layihə məsafəni əhəmiyyətli dərəcədə azaldacaq ki, bu da buraxılış qabiliyyətinin ildə 8-10 milyon ton olmaqla əhəmiyyətli dərəcədə artmasına səbəb olacaq. Biz birlikdə Orta Dəhlizin bütün potensialını reallaşdırmaqda və ticarət üçün həyati əhəmiyyətli marşrut qismində gələcək inkişafınə təmin etməkdə tam qətiyyətliyik", - o deyib.
Qeyd edək ki, Azərbaycan tərəfindən təklif olunmuş Zəngəzur dəhlizi layihəsi Azərbaycanın əsas hissəsi ilə eksklavı Naxçıvan arasında Ermənistan ərazisindən keçərək nəqliyyat əlaqəsinin yaradılmasına yönəlib.
Bu layihə 2020-ci ildə 2-ci Qarabağ müharibəsindən sonra Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında imzalanmış Üçtərəfli bəyanat nəticəsində ortaya çıxıb.
Bəyanatın müddəalarından birində Ermənistanın Naxçıvanla nəqliyyat əlaqəsinin təhlükəsizliyini təmin etməyə hazır olduğu təsdiqlənir ki, bu da hər iki istiqamətdə insanların, nəqliyyat vasitələrinin və məhsulların maneəsiz daşınmasına imkan verə bilər.
(Tərcümə: Rəna Əbdürəhmanova)