Bakı. Trend:
Azərbaycanın fond bazarının inkişafının növbəti mərhələsi törəmə maliyyə alətlərinin tətbiqi və istifadəsinin genişləndirilməsi ilə bağlı olacaq.
Trend xəbər verir ki, bu barədə Bakı Fond Birjasının (BFB) İdarə Heyətinin sədri Ruslan Xəlilov Bakıda "PASHA Holding" tərəfindən 4-cü dəfə təşkil edilən "INMerge” İnnovasiya Sammitində deyib.
“Maliyyə biliklərinin artırılması da önəmli vəzifədir. İstiqraz emissiyası ilə bazara çıxan şirkətlər yalnız maliyyə göstəriciləri haqqında ictimaiyyətə məlumat verməli deyil, həm də inkişaf planlarını bölüşməlidirlər ki, bu da investorlar və cəmiyyət tərəfindən daha böyük etimad yaratmağa kömək edir. Qeyd etmək lazımdır ki, Azərbaycanda fond bazarının inkişafının növbəti mərhələsi törəmə maliyyə alətlərinin tətbiqi və istifadəsinin genişləndirilməsi ilə bağlı olacaq”, - o qeyd edib.
Qeyd edək ki, “PAŞA Holding”in təşkilatçılığı ilə həyata keçirilən bu sammitin məqsədi ölkədə innovasiya ekosisteminin inkişafına töhfə vermək, startaplar və investorları bir araya gətirərək, onlara əməkdaşlıq üçün fürsət yaratmaq, eləcə də, innovasiya ekosisteminin bütün iştirakçıları arasında fikir və təcrübə mübadiləsi üçün platforma qurmaqdır.