Bakı. Trend:
2024-cü ilin yanvar-sentyabr aylarında Azərbaycandan digər ölkələrin iqtisadiyyatına yatırılan birbaşa xarici investisiyaların (BXİ) həcmi 1,38 milyard ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 48,71 faiz azalmadır.
Trend xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) Statistika departamentinin direktoru Samir Nəsirov media brifinqində bildirib.
"Azərbaycandan BXİ üzrə ilk beşliyə BƏƏ – 431,157 milyon dollar, Türkiyə – 175,449 milyon dollar, Gürcüstan – 95,75 milyon dollar, Böyük Britaniya – 87,154 milyon dollar və Özbəkistan – 79,314 milyon dollar daxildir", – deyə S. Nəsirov vurğulayıb.
Qeyd edək ki, 2023-cü ildə Azərbaycandan BXİ-nin həcmi 3,1 milyard ABŞ dolları təşkil edib. Ötən il Azərbaycana birbaşa xarici investisiyaların həcmi isə 6,658 milyard ABŞ dolları olub ki, bu da 6,1 faiz artım deməkdir.