İstanbul. Trend:
31 dekabr 2024-cü il tarixinə TANAP ilə nəql edilən qazın ümumi həcmi 73,54 milyard kubmetrdir.
Trend xəbər verir ki, bunu SOCAR Türkiyə Baş icraçı direktoru Elçin İbadov SOCAR Türkiyə və qrup şirkətlərinə dair hesabat xarakterli mətbuat konfransında deyib.
TANAP Azərbaycandan İtaliyaya qədər uzanan 3500 kilometrlik Cənubi Qafqaz Boru Kəməri (CQBK) və Trans Adriatik Boru Kəməri (TAP) ilə birlikdə Cənub Qaz Dəhlizinin ən mühüm hissəsidir.
"31 dekabr 2024-cü il tarixinə TANAP ilə nəql edilən qazın ümumi həcmi 73,54 milyard kubmetrdir. Türkiyə üçün nəql edilən kommersiya qazının ümumi həcmi: 30,80 milyard kubmetr, Avropa üçün nəql edilən kommersiya qazının ümumi həcmi isə 42,74 milyard kubmetr", - o bildirib.
E.İbadov qeyd edib ki, TANAP Avropa və Türkiyənin təbii qaz ehtiyatlarının müxtəlifliyinin artırılması ilə yanaşı Türkiyəni enerji dəhlizinə çevirmək istiqamətində bu günə qədər atılmış ən strateji addımlardan biridir:
"Ümumi tutumu 16 milyard kubmetr olan kəmərin ilk sınaq qazı 2018-ci il yanvarın 23-də 1,339 kilometrlik Faza 0 hissəsində verilmişdir. Kommersiya əməliyyatları isə 30 iyun 2018-ci il tarixində başlamışdır. 15 iyun 2019-cu il tarixində 455 kilometr uzunluğunda Faza 1 hissəsi tamamlanmış, 1 811 km boru kəməri sistemi Avropaya qaz tədarükü üçün hazır vəziyyətə gətirilmişdir. 31 dekabr 2020 tarixindən etibarən ilk kommersiya qazı Avropaya çatdırıldı. Layihə ilə nəql edilən 16 milyard kubmetr təbii qazın 6 milyard kubmetr Eskişehir və Trakyadakı iki nöqtədən milli şəbəkəyə qoşularaq Türkiyədə istifadə olunur, 10 milyard kubmetr təbii qaz isə TAP vasitəsilə Avropaya çatdırılır. TANAP-ın Türkiyə-Yunanıstan sərhədində TAP ilə birləşməsindən sonra Azərbaycan qazı Albaniya və Adriatik dənizindən keçərək İtaliyaya çatır. 16 milyard kubmetr olan xəttin ötürmə qabiliyyətinin əlavə investisiyalarla 31 milyard kubmetrə çatdırılması nəzərdə tutulmuşdur. TANAP regionun ən uzun (1.811 km) və ən böyük diametrli (56”) təbii qaz kəməridir. TANAP quruda 2.760 metr hündürlükdən, dənizdə isə 67.5 metr dərinliyə qədər uzanan marşrut üzərində tikilmişdir", - o bildirib.