...

Azərbaycan və AYİB arasında Gəncədə su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması üçün kredit sazişi imzalanıb

İqtisadiyyat Materials 22 Yanvar 2025 17:05 (UTC +04:00)
Azərbaycan və AYİB arasında Gəncədə su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması üçün kredit sazişi imzalanıb
Emin Əliyev
Emin Əliyev
Bütün xəbərlər

Davos. Trend:

Yanvarın 22-də Davosda Azərbaycan Respublikası ilə Avropa Yenidənqurma və İnkişaf Bankı arasında “Gəncə şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması üçün kredit sazişi” imzalanıb.

Trend xəbər verir ki, sazişin imzalanması Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qarşı tərəfin müraciəti əsasında Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti Odile Reno-Basso ilə görüşü çərçivəsində baş tutub.

Sənədi iqtisadiyyat naziri Mikayıl Cabbarov və Bankın birinci vitse-prezidenti Yurqen Riqterink imzaladılar.

Qeyd edək ki, Bank Gəncənin su idarəetmə sistemlərinin təkmilləşdirilməsinin maliyyələşdirilməsinə 35 milyon avro ayıracaq. Layihə Avropa İttifaqının (Aİ) 5 milyon avroya qədər qrantı ilə birgə maliyyələşdiriləcək.

Bu kredit tərəflərin 2024-cü ildə Bakıda baş tutmuş BMT-nin İqlim Dəyişikliyi Konfransında (COP29) imzaladığı anlaşma memorandumunun davamıdır və Gəncə şəhərinin səmərəli və dayanıqlı su və çirkab sularının idarə edilməsi xidmətləri ilə əhatə olunmasını təmin etmək məqsədi daşıyan hərtərəfli proqramın başlanğıcıdır.

Əldə edilən vəsait su təchizatı boru kəmərlərinin, çirkab su toplama borularının və su anbarlarının, həmçinin yağış sularının idarə olunması sistemlərinin və digər köməkçi infrastrukturun tikintisinə sərf olunacaq. Gəncənin su infrastrukturunun təkmilləşdirilməsi iqlim dəyişikliyinin təsirlərinə qarşı dayanıqlılıq yaratmaqla sakinlərin həyat standartlarını yaxşılaşdırmağa kömək məqsədi ilə təmiz suya daha yaxşı çıxışı təmin edəcək.

Gəncə şəhəri 2020-ci ildə AYİB-in flaqman Yaşıl Şəhərlər proqramına qoşulub və bu layihə hazırda AYİB-in orada üçüncü investisiya layihəsidir. AYİB-in Gəncədə ilk layihəsi 2022-ci ildə şəhər tullantılarının idarə olunması sahəsində təkmilləşdirmələrin maliyyələşdirilməsi olub. Daha sonra şəhərin küçə işıqlandırma infrastrukturunun təkmilləşdirilməsinin maliyyələşdirilməsi həyata keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti