Bakı. Trend:
Ələt Azad İqtisadi Zonasının Səlahiyyətli Qurumunun nümayəndə heyəti Almaniyanın Maynts şəhərində keçirilən “Azərbaycan: Gələcəyin Mərkəzi – Alman Şirkətləri üçün Strateji İmkanlar” adlı tədbirdə iştirak edib. Azərbaycan Respublikasının Almaniyadakı Səfirliyi və Reynland-Pfalts Sənaye və Ticarət Palatasının təşkilatçılığı ilə baş tutan bu tədbir Alman-Azərbaycan ticarət və iqtisadi əlaqələrinin möhkəmləndirilməsi və yeni biznes imkanlarının araşdırılması üçün platforma rolunu oynayıb.
Tədbirin açılış nitqində Reynland-Pfalts Sənaye və Ticarət Palatasının baş icraçı direktoru xanım Karina Szwede ikitərəfli ticarət və iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi baxımından bu tədbirin əhəmiyyətini vurğulayıb. O, bu platformanın hər iki ölkənin iş adamları üçün yeni perspektivlərin müzakirəsi və potensial tərəfdaşlıqların qurulması baxımından vacib olduğunu qeyd edib.
Daha sonra, Reynland-Pfalts İqtisadiyyat, Nəqliyyat, Kənd Təsərrüfatı və Üzümçülük Nazirliyinin dövlət katibi xanım Petra Dik-Valter enerji təhlükəsizliyində Azərbaycanın Almaniya üçün etibarlı tərəfdaş olduğunu vurğulayıb. O, iki ölkə arasında ticarət və iqtisadi əməkdaşlıq üçün geniş potensialın olduğunu qeyd edərək, Azərbaycanın strateji coğrafi mövqeyinin Alman şirkətləri üçün Mərkəzi Asiya və digər bazarlara çıxış imkanı yaratdığını bildirib.
Azərbaycan Respublikasının Almaniyadakı səfiri cənab Nəsimi Ağayev tədbirdə çıxış edərək, ölkənin strateji mövqeyi, əlverişli investisiya mühiti və xüsusilə Alman investorlar; üçün cəlbedici imkanlar təqdim edən Ələt Azad İqtisadi Zonası (ƏAİZ) barədə məlumat verib.
Daha sonra maraqlı panel müzakirələri keçirilib.
Panel çərçivəsində ƏAİZ Səlahiyyətli Qurumunun İdarə Heyətinin sədri cənab Valeh Ələsgərov Ələt Azad İqtisadi Zonasının üstünlüklərini vurğulayaraq, onun strateji coğrafi mövqeyi, unikal qanunvericilik bazası, istifadəyə hazır ərazi-daxili və ərazi-xarici infrastruktur və mühəndis-kommunikasiya sistemi ilə təmin edilmiş sənaye torpaq sahələri, eləcə də nəqliyyat və logistika mərkəzlərinin əhəmiyyətindən danışıb. O, həmçinin investorlar üçün təqdim edilən maliyyə və qeyri-maliyyə imtiyazlar paketi barədə məlumat verib. Cənab Ələsgərov qeyd edib ki, yüksək əlavə dəyər yaradan, ixrac yönümlü istehsalla məşğul olan, innovativ texnologiyalar və qabaqcıl beynəlxalq standartlara uyğun fəaliyyət göstərən investorlar ƏAİZ-də bizneslərini qurmağa dəvət olunur.
Bundan əlavə, cənab Ələsgərov ƏAİZ-in əsas üstünlüklərindən biri kimi sadələşdirilmiş qeydiyyat prosedurlarını qeyd edib. O bildirib ki, ƏAİZ ərazisində yaradılan hüquqi şəxslər ƏAİZ qanunvericiliyinə uyğun fəaliyyət göstərir və bu qanunvericilik əsas iqtisadiyyatın qanunlarından üstün hesab olunur. Bunun bariz nümunəsi kimi, Milli Məclis tərəfindən 90-dan çox qanuna (o cümlədən vergi, gömrük, lisenziyalaşdırma, əmək, mübahisələrin həlli və s. sahələr üzrə) dəyişiklik edildiyi və bu dəyişikliklərdə ƏAİZ qanunvericiliyinin əsas iqtisadiyyatın qanunlarından üstün olduğu açıq şəkildə qeyd edildiyi bildirilib.
Həmçinin, investorlar üçün proseslərin daha da asanlaşdırılması məqsədilə ƏAİZ İdarəetmə Qurumu tərəfindən “Vahid Pəncərə” Biznes Mərkəzinin yaradıldığı vurğulanıb. Bu mərkəz ƏAİZ-də biznes qurmaq istəyən investorlar üçün yeganə əlaqə nöqtəsi kimi çıxış edir və hər hansı əsas iqtisadiyyat qurumlarının iştirakı olmadan fəaliyyət lisenziyaları, planlaşdırma və tikinti icazələri və digər lazımi sənədləri verir.
Cənab Ələsgərov ƏAİZ-in strateji mövqeyini də xüsusi qeyd edərək, zonanın Bakı Beynəlxalq Dəniz Ticarət Limanına yaxın yerləşməsinin beynəlxalq ticarət dəhlizlərinə, o cümlədən Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizi (Orta Dəhliz) və Şimal-Cənub Nəqliyyat Dəhlizinə birbaşa çıxış imkanı yaratdığını bildirib. Bu əlaqələr ƏAİZ-in logistika imkanlarını artırır, multimodal daşımaları dəstəkləyir və qlobal ticarəti asanlaşdırır.
Sonda cənab Ələsgərov ƏAİZ-də yaşıl enerji təşəbbüslərinin fəal şəkildə inkişaf etdirildiyini vurğulayıb. O, zonada fəaliyyət göstərən müəssisələrə etibarlı yaşıl enerji təmin etmək məqsədilə əlverişli şərtlər yaradıldığını və bərpa olunan enerji sahəsində çalışan şirkətlərin ƏAİZ-ə böyük maraq göstərdiyini qeyd edib. Günəş panelləri, külək turbinləri və digər bərpa olunan enerji avadanlıqlarının yerli istehsalı təmin edildiyi təqdirdə, xərcləri azaldacaq və səmərəliliyi artıracaq, ƏAİZ investorları isə ucuz yaşıl enerjidən faydalanmaq imkanı əldə edəcəklər.
Beləliklə, “Azərbaycan: Gələcəyin Mərkəzi – Alman Şirkətləri üçün Strateji İmkanlar” tədbiri Alman şirkətləri üçün Azərbaycanın genişlənməkdə olan imkanlarını təqdim edərək, ölkənin strateji üstünlüklərini və investisiya potensialını iştirakçıların diqqətinə çatdırıb.