Bakı. Trend:
Ötən il Hesablama Palatası tərəfindən “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş metodlar tətbiq edilməklə satınalmalar keçirilib.
Trend bu barədə Palataya istinadən xəbər verir.
Məlumata görə, Palata ümumi məbləği 399,2 min manat olan 24 müqavilə bağlayıb. Keçirilmiş satınalmalar nəticəsində 379,5 min manat məbləğində 23 tender, 19,7 min manat məbləğində 1 istiqamət üzrə kotirovka sorğusu tətbiq edilməklə çərçivə sazişi bağlanıb.
Çərçivə sazişi nəzərə alınmaqla rəqabətli metodlar üzrə bağlanılmış müqavilələrin məbləği 260,7 min manat (satınalma metodları tətbiq edilməklə bağlanılmış müqavilələrin ümumi məbləğinin 65,3%-i) təşkil edib.
İl ərzində satınalmaların 83,3%-i ilin birinci yarısında, 16,7%-i isə ilin ikinci yarısında keçirilib. Məbləğ ifadəsində bu göstəricilər 82,4% və 17,6% olub.
Hesabat dövründə qanunvericiliklə nəzərdə tutulmuş satınalma metodları tətbiq edilməklə bağlanılmış satınalma müqavilələri üzrə ümumilikdə ehtimal olunan qiymətə nisbətən 44,1 min manat vəsaitə qənaət edilib. Satınalmalarda orta qənaətlilik ehtimal olunan qiymətə münasibətdə 2,9 min manat olub.
Həmçinin qeyd olunub ki, qiymətləri ölkə bazarında konkret olan malların (məsələn, yanacaq xərcləri) qanunvericiliklə dövlət satınalmalarının əhatə dairəsindən istisna edilməməsi bir mənbədən satınalma metodunun məbləğini və payını nisbətən artırıb. Müvafiq predmet nəzərə alınmasa, rəqabətli satınalmaların payı 80%-dən çox olub.