Bakı. Trend:
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) 2021-ci ildə daxili kapital bazarları üçün buraxdığı ikinci SOCAR İstiqrazlarının 2025-ci il üzrə 1 milyon 125 min dollarlıq ilk kupon ödənişi 3 fevral tarixində istiqraz sahiblərinin hesablarına köçürülüb (emissiya prospektinə əsasən, kupon ödənişi tarixi qeyri-iş gününə təsadüf edərsə, ödəniş növbəti ilk iş günü həyata keçirilir).
Trend bu barədə SOCAR-a istinadən məlumat verir.
Məlumata görə, 8 ildən artıqdır ki, Bakı Fond Birjasında ən çox ticarət olunan korporativ istiqraz statusuna sahib SOCAR İstiqrazlarının 13-cü kupon ödənişi nəticəsində sahiblərinə qazandırdığı gəlir 14 milyon 625 min ABŞ dollarına yüksəlib (tədavül müddətinin sonunda toplam gəlir 22.5 milyon dollar təşkil edəcək.)
“SOCAR Capital” şirkətindən verilən məlumatda bildirilir ki, istiqrazların növbəti kupon ödənişi 2025-ci ilin 1 may tarixində baş tutacaq.
Xatırladaq ki, yanvar ayının 15-dən etibarən SOCAR tərəfindən "yaşıl” enerji layihələrini dəstəkləmək məqsədilə “yaşıl” təyinatlı yeni istiqrazlarının abunə yazılışına start verilib. “Yaşıl” istiqrazların anderrayterliyini “PAŞA Kapital” İnvestisiya Şirkəti edir. SOCAR, “Yaşıl Gəlir, Yaşıl Gələcək” devizi altında buraxdığı bu istiqrazları ilə yerli investorlara etibarlı və stabil gəlir imkanı qazandırmaqla yanaşı, ekoloji cəhətdən təmiz enerji mənbələrinin inkişafını dəstəkləmək, ölkəmizin “yaşıl” enerji sahəsindəki təşəbbüslərinə töhfə vermək niyyətindədir.