Bakı. Trend:
Cari ilin əvvəlinə olan məlumata görə, Azərbaycanda 868 iri sahibkarlıq subyekti fəaliyyət göstərir.
Trend bu barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.
Məlumata görə, iri sahibkarlıq subyektlərinin sayı əvvəlki illə müqayisədə 89 ədəd və ya 11,4% artıb. Belə ki, 2024-cü ilin ilkin məlumatlarına əsasən, Azərbaycanda fəaliyyət göstərən iri sahibkarlıq subyektlərinin sayı 779 ədəd olub.
Hesabat dövründə ən çox iri sahibkarlıq subyekti Bakı şəhərində qeydə alınıb. Belə ki, şəhərdəki iri sahibkarlıq subyektlərinin sayı 664 ədəd olub. Siyahının ikinci yerində Abşeron-Xızı iqtisadi rayonu (66 iri sahibkarlıq subyekti), üçüncü yerində isə Gəncə-Daşkəsən iqtisadi rayonu (21 iri sahibkarlıq subyekti) yer alıb.
Bununla yanaşı, Naxçıvan Muxtar Respublikasında 18, Dağlıq Şirvan iqtisadi rayonunda 3, Lənkəran-Astara iqtisadi rayonu 7, Qarabağ iqtisadi rayonunda 11, Qazax-Tovuz iqtisadi rayonunda 13, Quba-Xaçmaz iqtisadi rayonunda 10, Mərkəzi Aran iqtisadi rayonunda 14, Mil-Muğan iqtisadi rayonunda 8, Şəki-Zaqatala iqtisadi rayonunda 10, Şərqi Zəngəzur iqtisadi rayonunda 5, Şirvan-Salyan iqtisadi rayonunda 18 iri sahibkarlıq subyekti fəaliyyət göstərib.
Qeyd edək ki, iri sahibkarlıq subyektlərinin 76,5 faizi Bakıda, 7,6 faizi Abşeron-Xızı, 2,4 faizi Gəncə-Daşkəsən, 2,1 faizi (hər biri üzrə) Naxçıvan Muxtar Respublikası və Şirvan-Salyan, qalanları isə digər iqtisadi rayonlarda yaradılıb.
İri sahibkarlıq subyektlərinin ən çoxu ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində (194), ən azı isə digər sahələrdə (3) fəaliyyət göstərir.