Bakı.Trend:
Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-in “Aydın Məmmədov” kran gəmisinin əsaslı təmir işləri başa çatıb.
Trend xəbər verir ki, bu barədə ASCO məlumat yayıb.
Məlumata görə, “Bibiheybət” Gəmi Təmiri Zavodunda aparılan təmir müddətində 40 ton yükqaldırma qabiliyyətinə malik kran, baş və köməkçi mühərriklər, nasoslar, boru sistemləri sazlanıb, mexanizmlərin elektrik idarəetmə və qorunma sistemləri təmir olunub. Bundan başqa, fekal-çirkab su çəni yenisi ilə əvəz edilib.
Həmçinin gəmidə müasir tip VHF qəza radiostansiyaları quraşdırılıb, burada mövcud olan INMARSAT sisteminin nasaz printeri yenisi ilə əvəz edilib. Bundan başqa, kran gəmisinin Komanda Yayım Qurğusunda təmir-bərpa işləri aparılıb.
Təmir çərçivəsində dənizçilərin yaşayış otaqları, sanitar qovşaqlar və yeməkxanalarda da zəruri işlər yerinə yetirilib.
Gəmi tərsanəyə qaldırılıb, sualtı və suüstü hissələri təmizlənərək rənglənib. Gövdənin sualtı və suüstü hissəsindəki zədələnmiş sahələr dəyişdirilib, gəminin avar-sükan qurğuları, dib-yan armaturları, protektor qurğuları təmir olunub.
Təmirdən sonra kran gəmisi dəniz sınağına çıxarılıb. Sınaq işləri uğurla başa çatıb və gəmi yenidən istismara qaytarılıb.