Bakı. Trend:
Bu ilin yanvar-fevral aylarında Azərbaycanda əsas kapitala yönəldilmiş investisiyalardan yaşayış evlərinin tikintisinə 296,8 milyon manat sərf olunub.
Bu barədə Trend Dövlət Statistika Komitəsindən məlumat əldə edib.
Məlumata əsasən, bu göstərici 2024-cü ilin eyni dövründəki göstərici ilə müqayisədə 163,1 milyon manat və ya 2,2 dəfə çoxdur.
Belə ki, 2024-cü ilin yanvar-fevral aylarında ölkədə bütün maliyyə mənbələrindən əsas kapitala yönəldilmiş investisiyalardan yaşayış evlərinin tikintisinə 133,7 milyon manat sərf olunmuşdu.
Qeyd edək ki, 2025-ci ilin yanvar-fevral aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala təqribən 2 milyard manat məbləğində, yaxud əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 24,8% az investisiya yönəldilib.
Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 32,5%, qeyri neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi isə 20,8% az olub. İstifadə olunmuş investisiyanın təqribən 1 milyard manatı və ya 52,3%-i məhsul istehsalı sahələrinə, 661,5 milyon manatı (32,9%-i) xidmət sahələrinə sərf olunub.
Əsas kapitala yönəldilmiş investisiyaların 1,4 milyard manatını və ya 70,8%-ni daxili investisiyalar təşkil edib. Əsas kapitala yönəldilmiş investisiyaların 1,5 milyard manatı və ya 77,6%-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.