Bakı. Trend:
Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) tərkibində fəaliyyət göstərən “Bakı Metropoliteni” QSC-nin sədri Vüsal Aslanov Asiya İnkişaf Bankının (AİB) Yeni yaranan sahələr üzrə enerji sektorunun direktoru Sindi Tiyankonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
"Bakı Metropoliteni" QSC-dən Trend-ə verilən məlumata görə, görüş Bakı metropoliteninin fəaliyyətində yeni yaranan sahələrin inkişaf perspektivlərinin müzakirəsi və birgə əməkdaşlıq istiqamətlərinin müəyyən edilməsi məqsədilə keçirilib.
Müzakirələr zamanı enerji səmərəliliyinin təmin edilməsi,
metropoliten infrastrukturunun effektiv istismarı, mütərəqqi
texnologiyalar, o cümlədən süni intellekt və data əsaslı qərarların
qəbul edilməsi ilə səmərəyə nail olmaq üçün yeni konsepsiyanın
hazırlanmasını özündə ehtiva edən 3 əsas istiqamət
müəyyənləşdirilib.
Görüşdə, həmçinin atılacaq mərhələli addımların razılaşdırılması
aparılıb. Həyata keçiriləcək tədbirlər Bakı metropoliteninin
beynəlxalq bilik, təcrübə və ekspert mübadiləsindən istifadə
etməklə hazırladığı layihələrin texniki-iqtisadi əsaslandırması və
tətbiqindən ibarət olacaq.
Qeyd edək ki, 2025-ci ilin sonunadək bir neçə istiqamət üzrə birgə səmərəli fəaliyyətə başlanılması nəzərdə tutulur.