Bakı. Trend:
Bakıda 24–25 iyun 2025-ci il tarixlərində “FİNTEX SAMMİT 2025 – Maliyyə və Texnologiyalar Sərgisi” keçiriləcək.
Trend xəbər verir ki, sərgi Azərbaycan Banklar Assosiasiyası və Azərbaycan Respublikasının Mərkəzi Bankının təşkilatçılığı, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin dəstəyi və Visa şirkətinin qlobal tərəfdaşlığı ilə baş tutacaq.
“Bankçılıq və Maliyyə Ekosistemində Yeni Trendlər: Rəqəmsal
İnteqrasiya, Fintex Tərəfdaşlıqları və Kibertəhlükəsizlik”
mövzusuna həsr olunan bu beynəlxalq Sammit, regionda rəqəmsal
transformasiyanın və innovasiya yönümlü əməkdaşlığın aparıcı
platforması hesab olunur.
İki gün davam edəcək Sammit çərçivəsində 7 tematik panel üzrə
yüksək səviyyəli müzakirələr aparılacaq. Əsas diqqət maliyyə
texnologiyalarının tətbiqi, rəqəmsal ödəniş ekosistemləri, süni
intellektin bankçılıqda istifadəsi, açıq bankçılıq, regtech həlləri
və dinamik şəkildə inkişaf edən bank-fintex əməkdaşlıq modellərinə
yönələcək. Eyni zamanda, kibertəhlükəsizlik və rəqəmsal mühitdə
məlumatların mühafizəsi üzrə çağırışlar da geniş şəkildə müzakirə
ediləcək.
Tədbirdə ABŞ, Avropa İttifaqı, MDB, Yaxın Şərq və Asiya-Sakit okean
regionları da daxil olmaqla 300-ə yaxın beynəlxalq və regional
təşkilat iştirak edəcək. Ümumilikdə 1500-dən çox nümayəndənin, o
cümlədən dövlət qurumları, kommersiya bankları, fintex şirkətləri,
ödəniş texnologiyaları təminatçıları, investorlar, diplomatik
nümayəndəliklər və akademik institutların təmsilçilərinin iştirakı
gözlənilir. Tədbirdə 50-yə yaxın yerli və beynəlxalq spiker maliyyə
texnologiyalarındakı trendləri və qabaqcıl təcrübələri
bölüşəcək.
Sammit çərçivəsində Azərbaycan Banklar Assosiasiyası ilə Qazaxıstan
Maliyyəçilər Assosiasiyası, eləcə də Türkdilli Dövlətlərin Kredit
Büroları arasında qarşılıqlı əməkdaşlığı gücləndirən Anlaşma
Memorandumları imzalanacaq.
Qeyd edək ki, FİNTEX SAMMİT, Bakıda hər il keçirilən iki əsas
beynəlxalq maliyyə tədbirindən biridir. Digər nüfuzlu platforma isə
Beynəlxalq Bankçılıq Forumudur.