Bakı. Trend:
Azərbaycanda və dünyada onlayn ticarət sahəsinin fəal genişlənməsi proqnozlaşdırılır.
Bu barədə Trend-ə müsahibəsində “Visa” şirkətinin Ukrayna, Gürcüstan, MDB ölkələri və Cənub-Şərqi Avropada strateji tərəfdaşlıqlar, fintex və birgə layihələr departamentinin rəhbəri, baş direktor Yevgeni Lesnyak məlumat verib.
“Bu sahənin sürətlə inkişaf etməsinə təsir edən əsas amillərdən biri COVID-19 pandemiyası oldu. Hərəkət məhdudiyyətləri və özünütəcrid şəraitində uzaqdan xidmətlərə və onlayn alış-verişə tələbat kəskin artdı”, – deyə o bildirib.
Yevgeni Lesnyak əlavə edib ki, hal-hazırda qlobal elektron ticarət bazarının həcmi bəzi hesablamalara görə 6–7 trilyon ABŞ dolları təşkil edir və bu sahənin ümumdünya ticarətindəki payı təxminən 20%-dir. Onun sözlərinə görə, bu sahədə illik artım 8–9% təşkil edir və 2030-cu ilədək bu göstərici 9–10 trilyon dollara çata bilər.
O həmçinin vurğulayıb ki, artıq bu sahədə lider ölkələr fərqlənir: məsələn, Böyük Britaniya və Çində elektron ticarətin payı pərakəndə satış dövriyyəsinin üçdə birindən çoxunu təşkil edir. Mərkəzi Asiya regionunda, o cümlədən Azərbaycanda isə bu göstəricilər hələlik dünya orta göstəricilərindən geri qalır, lakin artım potensialı yüksək olaraq qalır.
“Hər il Azərbaycanda elektron ticarətdə sabit ikirəqəmli artım müşahidə edirik. Yeni rəqəmsal ödəniş xidmətlərinin tətbiqi və inkişafı üçün əlverişli mühit formalaşıb”, – deyə Visa nümayəndəsi bildirib.
Yevgeni Lesnyak rəqəmsal iqtisadiyyatın formalaşmasında tənzimləyici orqanların roluna xüsusi diqqət çəkib.
“Mərkəzi Bank bu prosesi təşviq etmək üçün vacib addımlar atır. 2023-cü ildə ödəniş xidmətləri və ödəniş sistemləri haqqında qanunun qəbulu, tənzimləyici “sandbox”un istifadəyə verilməsi və maliyyə sektorunun inkişafına dair üçillik strategiyaların həyata keçirilməsi, o cümlədən rəqəmsal ödənişlərin inkişafı bu addımlar sırasındadır. 2021–2023-cü illəri əhatə edən strategiya uğurla icra olunub, hazırda isə 2024–2026-cı illəri əhatə edən yeni strategiya həyata keçirilir. Bütün bu tədbirlər təkcə elektron ticarətin və rəqəmsal ödənişlərin deyil, ümumilikdə fintex bazarının inkişafına şərait yaradır”, – deyə o bildirib.
Qlobal elektron ticarət trendlərinə toxunan Visa nümayəndəsi qeyd edib ki, bu sahədə əsas istiqamətlərdən biri süni intellekt texnologiyasıdır. Bu texnologiya prosesləri avtomatlaşdırmağa və fərdiləşdirilmiş həllər təqdim etməyə imkan verir.
“Azərbaycanda artıq bu texnologiyanın tətbiq nümunələrini görürük, chatbot-lardan tutmuş marketpleyslərdə fərdi məhsul tövsiyə sistemlərinə qədər. Üstəlik, dünyada süni intellekt agentlərinin tətbiqi fəal şəkildə müzakirə olunur. Biz “Visa” olaraq “Visa Intelligent Commerce” adlı yeni təşəbbüs təqdim etmişik — alıcı və satıcı arasında qarşılıqlı əlaqəyə innovativ yanaşma. Bu ‘ağıllı’ agent lazımi məhsulu tapmaq, alternativləri müqayisə etmək və səbəti yığmaq kimi rutin işi tam şəkildə öz üzərinə götürə bilər. İstifadəçiyə yalnız son qərarı qəbul etmək qalır. Hazırda bu təşəbbüsün geniş tətbiqi üzərində tərəfdaşlarımızla birlikdə fəal işləyirik”, – deyə o əlavə edib.
“Visa” nümayəndəsi vurğulayıb ki, süni intellekt texnologiyaları həm biznes, həm də istehlakçılar üçün ciddi üstünlüklər yaradır.
“Visa”nın süni intellekt əsaslı elektron ticarət üçün həllər paketi hər iki istiqamətdə işləyir: biznes proseslərin optimallaşdırılması üçün alətlər əldə edir, istehlakçı isə məhsul seçimi və sifarişin formalaşdırılmasında yardım alır. Məsələn, istifadəçinin qarşısında çoxlu sayda kampaniya və təklif olduqda, süni intellekt səbəti daha tez formalaşdırmağa kömək edir, bu da vaxt qənaəti və daha yaxşı istifadəçi təcrübəsi deməkdir. Bundan əlavə, ödəniş rahatlığı da mühümdür. Araşdırmalar göstərir ki, bəzi istifadəçilər ödəniş prosesində alış-verişdən imtina edirlər, əgər onlar üçün tanış olan ödəniş üsulu mövcud deyilsə”, – deyə Yevgeni Lesnyak bildirib.
Onun sözlərinə görə, artan omnikanal yanaşması fonunda, yəni istifadəçi ilə eyni vaxtda vebsayt, mobil tətbiq, fiziki satış nöqtəsi və sosial şəbəkələr vasitəsilə əlaqə qurulduğu hallarda pərdəarxası proseslərin əlaqələndirilməsi olduqca vacibdir və bu sahədə süni intellekt əsas rol oynayacaq.
“Əsas odur ki, istifadəçi istənilən kanal vasitəsilə rahat və qaneedici təcrübə əldə etsin. Bu halda süni intellekt həm passiv reaksiya verən agent, həm də aktiv şəkildə müvafiq həlləri təklif edən köməkçi kimi çıxış edə bilər, məsələn, alış tarixçəsi, geolokasiya və digər amillərə əsasən”, – deyə Yevgeni Lesnyak əlavə edib.
O, həmçinin vurğulayıb ki, süni intellekt texnologiyaları şirkətlərin fəaliyyətini bütün səviyyələrdə transformasiya edə bilər.
“Artıq ABŞ-da marketinq direktorlarının yarıdan çoxu süni intellekt alətlərindən kontent yaratmaq üçün istifadə edir. Bu isə yalnız başlanğıcdır: ‘ağıllı’ texnologiyalar mətn və şəkillərin yaradılmasından tutmuş artırılmış reallıq imkanlarınadək müxtəlif sahələrdə tətbiq olunmağa başlayır. Bu texnologiya sayəsində məhsulun real mühitdə necə görünəcəyini öncədən görmək mümkündür”, – deyə o qeyd edib.
“Visa” nümayəndəsi həmçinin süni intellektlə artırılmış və virtual reallıq texnologiyalarının birgə istifadəsinin biznes üçün yeni perspektivlər açdığını dilə gətirib.
“Əsas məsələ çəkinmədən yeni şeyləri sınaqdan keçirmək və təcrübə aparmaqdır”, – deyə Yevgeni Lesnyak tövsiyə edib.
Daha sonra o, digər davamlı tendensiyanı mobil ticarətin artımını qeyd edib. Onun sözlərinə görə, Azərbaycanda getdikcə daha çox istifadəçi onlayn alış-verişi mobil tətbiqlər vasitəsilə, deyil, klassik veb interfeyslərdən deyil.
“Yerli oyunçular bu tələbi nəzərə alaraq, öz xidmətlərini mobil platformalara uyğunlaşdırmağa fəal şəkildə çalışırlar ki, müştəriyə daha yaxın olsunlar”, – deyə Visa nümayəndəsi bildirib.
Yevgeni Lesnyakın vurğuladığı digər qlobal tendensiya istehsalçının vasitəçiləri aradan qaldıraraq istehlakçı ilə birbaşa əlaqə qurduğu direct-to-consumer (D2C) modelidir. Bu, sosial ticarətin — alış-verişin “TikTok”, “Instagram” və ya “Facebook” kimi platformalar vasitəsilə həyata keçirildiyi formatın inkişafını təşviq edir.
“Azərbaycanda biznesin əhəmiyyətli bir hissəsi artıq bu kanallardan fəal istifadə edir. Amma burada düzgün ödəniş üsullarına diqqət yetirmək vacibdir. Çox vaxt ödənişlər sadə pul köçürməsi ilə aparılır, bu isə bir sıra çətinliklər yaradır. “Visa” tərəfdaşlarla birlikdə, kiçik və orta biznesin ödənişləri rahat və fasiləsiz qəbul etməsi üçün həllər təqdim etməyə hazırdır”, – deyə o qeyd edib.
Yevgeni Lesnyak “Visa”nın ödəniş prosesini asanlaşdıran texnologiyalarını sadalayıb. Bunlar arasında “Visa Click to Pay” texnologiyası var ki, bu texnologiya kart məlumatlarını təhlükəsiz şəkildə şifrələnmiş yaddaşda saxlayaraq, istifadəçiyə istənilən ticarət platformasında bir kliklə ödəniş etməyə imkan verir. Bu texnologiya, “Visa Payment Passkey” texnologiyası ilə birlikdə daha effektiv işləyir, istifadəçi ödənişi biometrik məlumatların skan edilməsi ilə təsdiqləyə bilər. O, həmçinin “Tap to Phone” həllindən də danışıb – bu texnologiya satıcının smartfonunu əlavə avadanlığa ehtiyac olmadan tam funksional təmassız ödəniş terminalına çevirir.
Visa nümayəndəsi həmçinin, “Cybersource” platformasını qeyd edib. Bu platforma minimal texniki resurslarla elektron ekvayrinqi sürətli şəkildə tətbiq etməyə imkan verir və müasir ödəniş xidmətlərinə tam çıxış təmin edir.
Qlobal tendensiyalar arasında Yevgeni Lesnyak Azərbaycana da təsir edəcək daha bir sahəni B2B ticarətin sürətli artımını və müvafiq platformaların inkişafını qeyd edib. O, həmçinin “sürətli ticarət” modelini də vacib trend kimi vurğulayıb. Bu modeldə məhsulun çatdırılma sürəti kritik əhəmiyyət daşıyır.
“Çox zaman uzun gözləmə alıcını alışdan çəkindirir. Bir neçə gün gözləmək istəməyən istehlakçılar mağazaya gedib məhsulu dərhal almağa üstünlük verirlər. Buna görə də sürətlə inkişaf edən ekspress çatdırılma xidmətləri və süni intellekt əsaslı logistika texnologiyalarına tələbat artır. Artıq bəzi ölkələrdə dronla çatdırılma test olunur”, – deyə o bildirib.
Visa nümayəndəsi qeyd edib ki, logistika Azərbaycanda da elektron ticarətin inkişafına maneə yaradan amillərdən biridir, çünki bölgələrə çatdırılma bəzən çox vaxt aparır. Bu kontekstdə o, “Onlayn Azərbaycan” dövlət layihəsini xatırladıb, bu layihənin məqsədi ölkənin ən ucqar bölgələrində belə internetə çıxışı təmin etməkdir.
“İnternet infrastrukturu rəqəmsal iqtisadiyyat və onlayn xidmətlərin əsasıdır. Mənim bildiyimə görə, bu proqram uğurla həyata keçirilir və yaxın vaxtlarda biz onun real nəticələrini görəcəyik, bu da Azərbaycanda elektron ticarətin inkişafına güclü təkan verəcək”, – deyə Yevgeni Lesnyak yekunlaşdırıb.