Bakı. Trend:
Sabah Tehranda İran, Rusiya və Çin Xarici İşlər Naizrliklərinin rəsmiləri səviyyəsində İranın nüvə proqramı ilə əlaqədar məsləhətləşmə aparılacaq.
Trend-in məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai bu gün Tehranda keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Rusiya və Çin Hərtərəfli Birgə Fəaliyyət Planının üzvləridir və BMT Təhlükəsizlik Şurasında hər bir prosesdə rola sahib ola bilərlər.
Bəqai bildirib ki, üç ölkə arasında məsləhətləşmələrin davam etdirilməsi ilə mütləq fikir mübadiləsi aparılacaq. Hüquqi və məntiqi baxımdan Hərtərəfli Birgə Fəaliyyət Planına əsasən ləğv edilən sanksiyaların yenidən bərpa olunması üçün heç bir fakt yoxdur.
Xatırladaq ki, 2016-cı il yanvar ayında İranın nüvə proqramı ilə əlaqədar İran və 5+1 qrupu (ABŞ, Rusiya, Çin, Britaniya, Fransa və Almaniya) arasında Hərtərəfli Birgə Fəaliyyət Planı icra olunub. 2018-ci ilin may ayında ABŞ bu plandan çıxdığını bəyan və həmin ilin noyabr ayında İrana qarşı sanksiyalar tətbiq edib. İran 2020-ci ildə nüvə sazişində İranın hər hansı məhdudiyyətinin olmayacağını elan edib.
Qeyd edək ki, Hərtərəfli Birgə Fəaliyyət Planının 36 və 37-cü müddəalarına əsasən, plana üzv ölkələrdən birinin başqa bir tərəfin planı pozmağa dair şikayəti əsasında müxtəlif mərhələlər başlanır. Mərhələlər nəticəyə çatmadığı halda, şikayət edən ölkə məsələni BMT Təhlükəsizlik Şurasında irəli sürə bilər. İrandan şikayət BMT Təhlükəsizlik Şurasında irəli sürüldüyü və qəbul edildiyi halda, İran əleyhinə beynəlxalq sanksiyalar yenidən qüvvəyə minə bilər. Üstəlik BMT Təhlükəsizlik Şurası üzvlərinə İran əleyhinə hərbi əməliyyat icazəsi verir.